ABŞ-dəki nüfuzlu dairələr Ukraynadakı nümayəndələri vasitəsilə prezident Volodimir Zelenskiyə alternativ axtarışındadır.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin(SVR) materiallarına istinadla “Razvedçik” jurnalı məlumat yayıb.
Yazıda iddia olunur ki, guya Zelenski prezident kimi artıq Qərbin tələblərinə uyğun gəlmir: “Daxil olan məlumatlara görə, Qərb Ukraynada ictimai əhval-ruhiyyənin dinamikasından son dərəcə narahatdır. ABŞ Dövlət Departamenti və Avropa xarici siyasət strukturları görür ki, Ukrayna vətəndaşları arasında Rusiya ilə münaqişənin uzadılmasından narazılıq, apatiya, dövlət qurumlarına inamsızlıq artır”.
Eyni zamanda, sənəddə bildirilir ki, amerikalılar Ukraynanın hazırkı prezidentinə alternativ tapmaq üçün səyləri gücləndiriblər.
Bunun üçün sabiq prezident Pyotr Poroşenko və Kiyev meri Vitali Kliçko ilə müvafiq əlaqənin qurulduğu iddia edilir: “Ukrayna Prezidenti Aparatının rəhbəri A.Yermak, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı V.Zaluzjnı və Ali Radanın eks-spikeri D.Razumkovla gizli iş aparılır. Ehtimal olunur ki, cəbhədə vəziyyətin kəskin pisləşməsi və təcili lider dəyişikliyi zərurəti yarandıqda bu şəxslərə tələbat yarana bilər. O zaman bütün uğursuzluqları Zelenskiyə aid etməklə onlardan birini seçmək mümkün olacaq”./azpolitika.info