Astara rayonunda 1959-cu il təvəllüdlü Şəhla ərinin ikinci arvadı Mədinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə bu ilin fevralın 23-də Astara rayonunun kəndlərindən birində baş verib.
Şəhla yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı mətbəx bıçağı ilə Mədinənin sağ bud nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Şəhlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvüləri ilə birlikdə Astara rayonunun kəndində yaşayır: “Zərərçəkmiş Mədinə ərim Səlimin ikinci arvadıdır. Bir neçə ildir ki, Mədinə bizimlə yaşadığı üçün aramızda mübahisələr baş verir. Hadisə günü, saat 09 radələrində yaşadığım evdə olan zaman Mədinə yenidən mənə söz ataraq sataşdı. Mənim evdən getməyimi tələb etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşdiyimdən və Mədinənin hərəkətlərindən bezdiyimdən mətbəx bıçağını götürdüm, onun arxa bud nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Qorxduğuma görə həmin mətbəx bıçağını həyətə tulladım. Ancaq hara tullamağımı dəqiq bilmirəm”.
Astara rayon Məhkəməsinin hökmü ilə Şəhla aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib./demokrat.az