Priqojin və Utkin həqiqətən qəzada ölüblər? – BU HAQDA NƏ MƏLUMDUR...

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında “Vaqner” rəhbəri Yevqeni Priqojinə məxsus “Embraer Legacy 600” biznes-jeti Rusiyanın Tver vilayəti yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarə havada parçalanıb.

Stopnarkotik.az xəbər verir ki, “Rosaviasiya” təyyarənin sərnişinləri siyahısında "Yevqeni Priqojin" ad və soyadlı şəxsin olduğunu bildirib. Təyyarədə cəmi yeddi nəfər heyət üzvü, üç nəfər isə ekipaj olub. Qəza nəticəsində heç kim sağ qalmayıb, lakin “Vaqner”in qurucusunun öldüyü hələ də ən yüksək səviyyədə rəsmi təsdiqini tapmayıb. Onun təyyarə qəzası nəticəsində ölməsi barədə anonim mənbələrə istinadən bir neçə KİV, o cümlədən Priqojinin özünə yaxın olan şəxslər məlumat yayıb.

Sirr deyil ki, adətən Priqojin səyahət edərkən dublyorlardan istifadə edib və özü başqa adlar altında, yəni gerçək kimliyini əks etdirməyən pasportlarla uçub.

Çərşənbə günü axşam Yevqeni Priqojinin təyyarə qəzasında ölməsi barədə “Vaqner” rəhbərliyinə yaxın olan "Gray Zone" Telegram kanalı məlumat yayıb: “Rusiya qəhrəmanı, öz Vətəninin əsl vətənpərvəri Yevqeni Viktoroviç Priqojin Rusiyaya xəyanət edən qüvvələrin əməlləri nəticəsində həlak olub. Eyni zamanda, “Vaqner” muzdlularının komandiri Dmitri Utkininin də qəzada öldüyü bəyan edildi.

Lakin Rusiya hakimiyyəti Priqojin və Utkinin ölümünü rəsmi olaraq təsdiqləməyib. Moskva vaxtı ilə axşam saat 8-də Federal Hava Nəqliyyatı Agentliyi Yevqeni Priqojinin qəzaya uğrayan biznes təyyarəsinin sərnişinlər siyahısında olduğunu açıqlayıb. Saat 23.00-da isə qəzaya uğrayan təyyarənin göyərtəsindəki şəxslərin adları dərc edilib.

Qeyd edək ki, transponder siqnallarından istifadə edərək təyyarələrin uçuşlarını izləyən “Flightradar24” xidməti “Embraer Legacy 600” təyyarəsinin uçuşunu Moskva vaxtı ilə saat 17:59-dan 18:11-dək qeydə alıb. “Flightradar24” tərəfindən göstərilən uçuş marşrutuna əsasən, təyyarə havada olarkən transponderi işə salıb. Biznes təyyarələri üçün bu, ümumi bir təcrübədir. Ötürücü işə salınan zaman bort Moskva yaxınlığındakı Zelenoqrad rayonunda 3,7 kilometr hündürlükdə olub və saatda 585 kilometr sürətlə uçmaqla hündürlük qazanaraq sürətini artırıb.

Flightradar24 tərəfindən qeydə alınan uçuş zamanı təyyarə hündürlük qazanıb və sürətini artırıb. O yəqin ki, lazım olan səviyyəyə qalxıb, yəni təyinat yerinə uçmağa davam etməli olduğu yüksəklik əldə edib. Şernevo kəndi yaxınlığında transponder siqnal göndərməyi dayandırıb. Bu zaman təyyarə yenə qalxmağa davam edib - uçuş zamanı transponder sönüb, eniş yolu görünməz olub. Bu o deməkdir ki, hansısa səbəblərdən cihaz ya söndürülüb, ya da işləməyi dayandırıb.

Tver vilayətində təyyarə qəzası ilə bağlı ilk xəbərlər Moskva vaxtı ilə təxminən 19:20-də ortaya çıxıb. Telegram kanalı 112 ilk dəfə hərbi təyyarənin qəzaya uğraması barədə məlumat verib, Readovka qəzanın videosunu saat 19:29-da yayımlayıb, həmçinin hərbi təyyarənin qəzaya uğradığını iddia edib.

Qəza şahidlərinin videogörüntülərinə əsasən, təyyarə havada parçalanıb, səs yazısında və fotolarda ayrı-ayrı ərazilərə dağıntıların düşdüyü görünür. Biznes təyyarəsi sağ qanadını itirərək, demək olar ki, düz bucaq altında yerə çırpılıb. Digər videolarda qəza yerində yanğın, onun qalıqları və ölənlərin cəsədləri əks olunub. Düşüşü lentə alan şahidlər iki partlayış səsi eşitdiklərini iddia edirlər.

Embraer Kujenkino kəndindən bir yarım kilometr aralıda, Boloqoye ərazisində qəzaya uğrayıb. Adının açıqlanmasını istəməyən yerli sakin BBC-yə bildirib ki, çərşənbə axşamı polis qəza yerinə girişləri bağlayıb.

"İndi qaranlıqdır, lakin onlar projektorlar altında işləyirlər", - deyə mənbə bildirib. Qəza yerinə ən yaxın yaşayış yeri fermadır. "Təyyarə təsərrüfatdan təxminən 200 metr aralıda qəzaya uğradı, heç bir binaya zərər vermədi, meşənin yanındakı açıq sahəyə düşdü", - deyə o, davam edib.

İlk videolarda insanlar təyyarənin qalıqlarını yaxın məsafədən lentə alıb, digər yerli sakinlər qəza yerinin fotolarını BBC ilə paylaşıblar. Onlardan birində üç nəfərdən ibarət mütəxəssis əsas dağıntılardan uzaqlaşan təyyarənin quyruğunun bir parçasını araşdırır.

“Rosaviasiya” axşam saat 9-da fəlakəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə məlumat verdi. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarə biznes daşımalarında ixtisaslaşan MNT-Aero MMC-yə məxsus olub. Agentlik həmçinin bildirib ki, “Embraer” Moskva-Sankt-Peterburq marşrutu üzrə uçurdu, göyərtəsində yeddi sərnişin və üç ekipaj üzvü olub.

Üsyan və qəza...

Xatırladaq ki, “Vaqner”in məlum üsyanından sonra Priqojinin harada olduğu sirr olaraq qalırdı. Bir neçə gün sonra məlum oldu ki, iyunun 29-da Putin Priqojin və “Vaqner”in digər komandirləri ilə şəxsən görüşüb. Daha sonra prezidentin özü iddia etdi ki, söhbət zamanı döyüşçülərə Müdafiə Nazirliyinin nəzdindəki ordu komandirlərindən birinin tabeliyində xidmət etməyi təklif edib və guya onlar razılaşıblar. Lakin Priqojinin özü bu variantın onlara yaraşmayacağını bildirib.

Beləliklə, Priqojinin muzdluları bir daha Ukrayna cəbhəsinə qayıtmadılar. Amma, görünür, iş adamının Rusiyadan qovulması baş tutmayıb. Son iki ayda media demək olar ki, hər gün Priqojinlə əlaqəli təyyarələrin Minsk, Sankt-Peterburq və Moskva arasında necə uçduğunu izləyirdi.

İyulun sonunda Priqojinlə əlaqəli kanallar onun Rusiya-Afrika sammitində göründüyünü iddia etdilər. “Vaqner”in Afrikadakı uzunmüddətli maraqlarını nəzərə alaraq, bir çox müşahidəçilər bunu Priqojinin fəaliyyətini oraya köçürəcəyinə işarə kimi qəbul etdilər. Həqiqətən də, Tver vilayətində təyyarənin qəzaya uğramasından iki gün əvvəl sosial şəbəkələrdə Priqojinin Afrika ölkələrindən birindən olduğu iddia edilən videomüraciəti peyda oldu.

“İŞİD, Əl-Qaidə və digər qanqsterlərin kabusu”, - deyə biznesmen “Vaqner”dən bəhs etdi. Bu, onun son bəyanatı olaraq qaldı.

Priqojin işi və "Vaqner"in maliyyələşdirilməsi

Üsyandan sonra Vladimir Putin ilk dəfə təsdiqlədi ki, Priqojin dövlət müqavilələri vasitəsilə “Vaqner” üçün pul alıb. “Mən istəyirəm ki, hamımız bu barədə bilək. “Vaqner” qrupunun maliyyələşdirilməsi dövlət tərəfindən, Müdafiə Nazirliyindən, dövlət büdcəsindən təmin edilib, biz bu qrupu tam maliyyələşdirmişik”, - deyə prezident bildirib. Halbuki, bunun üçün heç bir hüquqi əsas olmayıb...

Putinin sözlərinə görə, dövlət “Vaqner”in tərkibində döyüşən yaralılara və ölənlərin ailələrinə təkcə qiyamdan bir il əvvəl təxminən 200 milyard rubl ödəyib.

Kremlin təbliğatçı Dmitri Kiselyov Rusiya televiziyasında deyib ki, “Vaqner” hökumət müqavilələri vasitəsilə bir trilyon rubldan çox pul alıb.

Putinin sözlərindən belə çıxırdı ki, “Vaqner”in maliyyələşdirmə sxemində Müdafiə Nazirliyi ilə müqavilələr əsasında milyardlar qazandığı iddia edilən Priqojinin “Concord” şirkəti iştirak edib. Priqojinin mətbuat xidmətinin müdafiə naziri Sergey Şoyquya ünvanladığı məktubda “Concord”un ordunu qidalandıran bir qrup şirkətləri idarə etdiyini və Suriya, Afrika və Ərəb ölkələrindəki layihələri mənfəətlə maliyyələşdirdiyini iddia edib.

Bununla belə, Priqojinin biznes strukturlarının dövlət müqavilələri portfeli daha geniş idi - o, hərbi şəhərciklər və digər dövlət obyektləri tikir, kazarmalar qurur, məktəbliləri və Kreml ziyafətlərinin iştirakçılarını yedizdirirdi.

Priqojin və Utkinin oxşarları

Çoxların sirr deyil ki, həm “Vaqner” yaradıcısının, həm də “vaqner”çilərin komandirinin "əkizləri" var idi. Onlar rəsmi olaraq soyadlarını, adlarını və atalarının adını dəyişdirən və Yevqeni Viktoroviç Priqojin və Dmitri Valeryeviç Utkinin adına pasport almış şəxslər idi.

Dmitri Utkin tam adı altında bir neçə ay Priqojinə məxsus “Concord Management and Consulting” şirkətinə rəhbərlik edib. Bundan sonra o, əvvəlki adını bərpa edib. Priqojinin də bu cür müxtəlif adları vardı. Odur ki, Tver yaxınlığında baş verən təyyarənin göyərtəsində “Vaqner”-in hər iki liderinin “əkizləri”nin olduğu ehtimalı istisna deyil...

Yeri gəlmişkən, Rusiyadadakı qiyam günü Priqojinin evində axtarışlar zamanı təhlükəsizlik qüvvələri saxta sənədlər, o cümlədən başqa şəxslərin adına verilmiş, lakin onun fotoşəkili olan pasportlar tapmışdılar.

Üsyandan sonra Belarusa getdiyini elan edən Priqojin Sankt-Peterburq və Moskvada görünməyə başladı. “The New York Times” iyul ayında Pentaqonun Priqojinin hərəkətlərini gizlətmək üçün “əkizlərdən” istifadə etdiyi versiyası haqqında yazmışdı. Hər halda, bütün bunlar Priqojinin, eləcə də Utkinin təyyarə qəzasında öldüyü haqda iddiaları şübhə altına alır...

Tərcümə etdi: Stopnarkotik.az