“Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib. Paşinyan bu cür kombinasiya haqqında ilk dəfədir açıqlama verir”.
Stopnarkotik.az medianews.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, erməni baş nazir amerikalı diplomatların tövsiyəsinə uyğun olaraq belə açıqlama verib: “Praktiki addımlarla real dünyanı formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür”, – deyən Nikol Paşinyan rəsmi Bakının maneəsiz keçid şərtini qəbul etməyə hazırdırmı? Paşinyanın “praktiki addımlarla real dünya” haqqında fikrini belə oxumaq mümkündür ki, baş nazir dəhlizlə bağlı əvvəlki fikirlərini korrektə etməyə hazırdır. Amerikalı diplomatlar Paşinyana məsləhət görüblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək”.
E.Şahinoğlu söyləyib ki, rəsmi Bakının Zəngəzur dəhlizinə deyil, Araz çayı üzərindən keçən dəhlizə üstünlük verməsi Qərbin də maraqlarına uyğun deyil: “Rəsmi Bakının belə bir seçim etməsi həm ABŞ-nin maraqlarına ziddir, həm də Ermənistanı “Orta dəhliz” layihəsindən kənarda qoyacaq. Onu da xatırlamaq yerinə düşər ki, Nikol Paşinyanın məlum açıqlamasından bir gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da dəhlizin açılması üçün neytral ölkələrin və beynəlxalq təşkilatlardan birinin bu prosesə cəlb edilə biləcəyini söyləmişdi”.