“Özümə köhlən həyatı arzulayıram” - MÜSAHİBƏ / I HİSSƏ

Hüseyn Həsənov: “Qaçarkən, ayaqdaykən ölmək istəyərəm”

“Azad olmaq üçün işləyərkən nəyəsə məhbus oluruq”

Müsahibimiz pedaqoq, psixoloq Hüseyn Həsənovdur. O, “Stop narkotik”in “UĞURLU İNSAN” layihəsi çərçivəsində öz uğur hekayəsini danışıb. Buyurun, oxuyun.

“Pedaqoqun işi toxunmaqdır...”

- Hüseyn bəy, zəhmət olmasa, ilk öncə özünüz haqda oxucularımıza qısa məlumat verin.

- Hüseyn Həsənov. İngilis dili müəllimiyəm, pedaqoqam, eyni zamanda psixoloqam. Hal-hazırda hər iki sahə üzrə fəaliyyət göstərirəm. Daha çox uşaqlarla və valideynlərlə işləyirəm.

Bir çox işləri görməyə çalışsam, bir neçə kiçik biznesin sahibi olsam da hər zaman özümü pedaqoq kimi təqdim etməyi sevirəm. Elə bilirəm ki, ruhum pedaqoqdur. Pedaqoqun işi toxunmaqdır, yetişdirməkdir, formalaşdırmaqdır. Kənardan özümü o şəkildə görürəm. Ümumiyyətlə, uşaqların potensialı, maksimumu nədirsə, onların ora çatmağına vəsilə olmağa çalışıram. Əlbəttə ki, bunun üçün əvvəla insanın özünün o şəkildə olması lazımdır.

Kənardan baxanlar çox da anlamayacaqlar ki, bu adam motosiklet sürür, velosiped sürür, ingilis dili dərsi keçir, kamp edir və s. Amma tanıyan insanlar yəqin ki, məni inglis dili müəllimi, psixoloq, uşaqlarla və valideynlərlə işləyən bir mütəxəssis kimi təqdim edərlər.

““Qızıl alma”ya çatmağa çalışıram”

Bir çox şeylə məşğul olmağa çalışıram, həm pedaqoq kimi, həm təhsil mərkəzim var, psixoloq kimi uşaqlarla, valideynlərlə işləyirəm. Eyni zamanda, düşərgələr təşkil edirəm, korparativlərə turlar, komanda oyunları olan, ingilislər demiş “teambilding” turları təşkil etməyə çalışıram.

Bunları necə çatdırıram? Ümumiyyətlə, heç özüm də nə qədər çatdırdığımı bilmirəm. Çatdırmağa çalışıram. Elə bilirəm ki, bunun qaynağı vizyondur. Mənim bu həyatda bacarmağa, etməyə çalışdığım missiyalarım var. Məni ayaqda saxlayan şeylər onlardır. Onlar məni davamlı olaraq həyəcanlı saxlayır. Fiziki cəhətdən kifayət qədər yoruluram. Yaş olaraq 40-ı keçmişəm. Son bir neçə ildir artıq boynuma qoyublar ki, sən yorulursan. Mən də razılaşıram ki, bəli, mən yoruluram.

Amma fizki yorulsam da, həyəcanım heç yorulmur. Türkcədə bir ifadə var - həyəcan yorğunluğu. Mənim o həyəcan yorğunluğum baş vermir. Çünki qarşıda çatmağa çalışdığım o qədər məqsədlər, hədəflər var ki, ora çatmaq üçün həyəcan içindəyəm. Ora çatarkən ayağıma tikan batıb, daşa ilişmişəm, yıxılmışam, palçığa bulaşmışam, heç biri məni saxlaya bilmir. Çünki gedib çatmağa çalışdığım yer çox gözəl bir yerdir. Ədəbiyyatda ki, “qızıl alma” var, ora çatmağa çalışıram.

“Mən özümə bir köhlən həyatı arzulayıram”

Bəzən özüm-özümə baxdığım, sorğuladığım bir şeydir ki, etməyə çalışdığım şeylərə çox inanıram. Tam bir iman etmişəm, belə deyək. Dolayısı ilə də, onlara çatana qədər dayanmayacağam. Məsələn, deyirlər ki, köhlən at getdiyi yerə qədər dayanmır, dayanırsa çatlayır, ölür. Mən özümə bir köhlən həyatı arzulayıram. Yəni qaçarkən, ayaqdaykən ölmək istəyərəm. Həyəcanım da ondandır, o missiyanı oraya çatdırmaq. Çatacammı, bilmirəm. Bununla bağlı da gözəl bir ifadə var: “Önəmli olan zəfər deyil, səfərdir”. Mən səfərə çıxmışam. Səfərin özü, bu səfərdə olmaq mənim üçün bir zəfərdir. Ora çatıb-çatmamaq artıq mənim işim deyil, o başqa hesabın işidir.

“Beynimizə yeridilirdi ki, siz bu ölkəni qurmalısınız...”

- Uğura gedən yolda qarşınıza çıxan ən böyük maneə nə idi və onu necə aşdınız?

- Uşaqlıqdan nəticəyə çatana qədər dirəşən uşaq idim. Mən evin ikinci uşağıyam. Adlerin “Yaşamaq sənəti” adlı bir kitabı var, valideynlərə və pedaqoqlara tövsiyə edərdim ki, oxusunlar. Orada qeyd olunur ki, evin neçənci uşağı olmaq, aradakı yaş fərqi və s. xarakterin formalaşmasında böyük rol oynayır. Evin balacaları çox vaxt daha həyəcanlı, daha hərəkətli olur. Çünki onlar artıq evin ikinci uşağıdır, evdə taxta sahib olan bir uşaq var, o taxtı ələ keçirmək üçün bir yarış içinə girir və dayanmadan çabalayır. Bu 99% belədir. Mən də evin ikinci uşağıyam, bəlkə mən də o taxt üçün çalışmışam, amma qardaşımın taxtında gözüm yoxdur.

Bir az yetişmə tərzinin rolu var. Ana-atanın verdiyi tərbiyə, onların göstərmiş olduğu hədəflər, ora çatmaq üçün dəstəkləmələri və motivasiya etmələri var. Daha sonra oxuduğum türk litseyi var. 1997-2000-ci illərdə Şəkidə oxumuşam. O illlərdəki müəllimlərin bizə vermiş olduğu bir vizyon var idi. Yəni davamlı olaraq beynimizə yeridilirdi ki, siz bu ölkənin gələcəyi olmalısınız, bu ölkəni qurmalısınız, bu ölkəni daha yaxşı yerlərə gətirməlisiniz. Yəqin ki, onu da payı var.

Sonra Türkiyədə bakalavr təhsil müddətində sosial layihələrdə iştirak etdim. Hər birinin məndə payı var. Mən bu gün bir “portret”əmsə, bir “şəkil”əmsə, məndə fərqli rənglər var. Bu rəngləri sadəcə valideynlərim, müəllimlərim yox... hamısı bir rəng vurub - yaşıl, göy, qırmızı və s. Nəticədə ortaya bir portret çıxıb. Burada mənim özümün özümə qatqım nədir? Yəqin ki, burada iradəm var. Öz nəfsimin də haqqını yeməyim. Mənim də bura qatdığım - doğru bildiyimdə inad etməmdir. Yəqin ki, məni çox gözəl inandırıblar. O doğruda inad etməyimin çox gözəl bir faydası var. Hər duyğunun iki yönü var - məcazi və həqiqi yönü. İnadın məcazi yönü yanlışda inad etməkdir, həqiqi yönü doğruda inad etməkdir. Mənim də payım o ola bilər. Desəniz ki, özünü xarakterizə et, ən yaxşı yönlərindən biri nədir, yəqin çox şey saya bilməyəcəm. Amma həyəcanımın ən başdakı amillərindən biri doğruda inad etməkdir. Nə qədər yanılsam da, düşsəm də, yıxılsam da, təkrar deyirəm ki, yox, mən doğru bildiyimdə inad etməliyəm.

Uşaq vaxtı istəmişdim dedektiv olum, filmlərdən təsirlənmişdim. Sonra həkim olmağa qərar vermişdim. Nəhayət, ingilis dili müəllimi, sonra da psixoloq oldum. Eyni zamanda, turzimlə məşğulam. Həmişə uşaqlara deyirəm ki, nəyə niyyət etsəniz də, axırda başqa bir şey ola bilər. Uşaqlıq həvəsi, həyəcanı maraqlı ola bilər.

- Uşaqlıqda pedaqoq və yaxud psixoloq olacağınızı düşünürdünüz?

- O zaman xəyal etməmişdim ki, müəllim, psixoloq olacağam.  Amma o günkü Hüseynlə indiki Hüseyn arasında hələ də ortaq cəhətlər var. Yəni o günkü Hüseynin də uğrunda savaşdığı şey əsasən ədalət idi. İndi xatırlayıram ki, uşaq yaşımda yetişkinlərə qarşı etdiyim analizlər, bəzən də tənqidlər olurdu. Baxıram ki, o yaşda da düz etmişəm. Bu gün də eyni mövzu qarşıma çıxsa, eyni tənqidi edərəm. Yən ortaq cəhətlərimiz var, amma o gün bu günü xəyal etməmişdim.

- Həyatınızda elə bir an olub ki, “artıq bacarmıram” demisiniz? Bu halda sizi yenidən ayağa qaldıran nə oldu?

- Bacarmıram dediyim an olub və mən orada yerimi dəyişmişəm. Adlarını çəkməyəcəm, işlədiyim dövlət müəssisəsləri olub. Bir müddət işləmişəm, işlədiyim müddətdə orada inancım, inandığım doğrular üzrə müəyyən şeylərə vəsilə ola bilmişəm. Əlbəttə, “bunu ancaq mən etmişəm” demək doğru olmaz. Amma təklif etmişəm və bu təklif qəbul edilib, üzərində çalışmışam, müsbət dəyişikliklər olub. Yalnız o müsbət dəyişiklikləri etmək səlahiyyətimin bitdiyini görəndə mən artıq oranı tərk etmişəm. Baxmışam ki, artıq orada ideallarım uğrunda heç nə edə bilmirəm, sadəcə ingilis dili dərsi keçirəm, bunu başqa adam da keçə bilər, o zaman demişəm, mənim burada missiyam bitdi, artıq başqa yerə gedim və getmişəm. Doğru qərar da o olub. Çünki etmək istədiklərimi başqa yerlərdə edə bilmişəm. Həyatımda “mən artıq burada bacarmıram” dediyim anlar olub, doğru qərar da yerini dəyişmək olub.

- İngilis dili müəllimliyi, pedaqogika və psixologiya. Bu üç sahəyə marağınız necə yarandı və hamısını bir yolda necə birləşdirdiniz?

- Əslində etiraf edim ki, müəllimliyi şüurlu olaraq seçməmişdim. Türkiyəyə imtahan verərkən bizim 10 seçim haqqımız var idi. İlk 8-i iqtisadiyyat, işlətmə idi. İmtahanda müəyyən şeyləri gözdən qaçırdığım üçün 9-cu seçimimə düşmüşəm. Çox pis olmuşdum. Amma belə bir ifadə var, pişiyin əli ətə çatmayanda deyir ki, iylənib. Min dəfə də olsa bu sahəni - pedaqoqluğu seçərdim. Çünki içimdəki o həyəcan, cəmiyyətə toxunma istəyi, insanlara toxunma istəyini bu qədər edə biləcəyim yeganə peşə müəllimlikdir. İşim birbaşa elə odur, işimin rəsmi adı odur.

Əlbəttə, hər peşə insanlara toxuna bilir, amma bu peşəni seçərkən şüurlu seçməmişdim. Sonradan sevməyə başlamışdım ki, nə yaxşı burdayam.

Amma psixologiyanı şüurlu seçdim. Necə? Çünki müəlliməm, gördüm ki, işimin şüurlu bir hissəsi uşaqların psixologiyasını anlamaqdır, onlar demədiyini, göstərmədiyini görmək və eşitməkdir. Pərdənin arxasını, ailəni, bu gün gəldiyi evdə necə bir ab-hava olduğunu görmək ən azından mənim anladığım pedaqoqluğumun içində var. Mən də dedim ki, psixologiyanı seçim, bu işin daha da peşəkar anlayıcısı olum. İkinci ixtisası bu şəkildə seçdim. İkisi birləşəndə ortaya möhtəşəm bir iş çıxır. Ən azından işim çox asanlaşır, baxış bucağım dəyişir, insanları çox daha yaxşı anlaya bilirəm. Səbr kasam daha da genişləndi. İnsanları anlayınca onlara daha rahat toxuna bilirsən. O mənada, bu iki peşəni birləşdirməyim həyatımda verdiyim ən doğru qərarlardan biridir. Müəllimliyi seçərkən çox da şüurlu qərar deyildi, onu müəllimlərim yazdırmışdı, sağ olsunlar, amma psixologiyanı seçərkən şüurlu və doğru qərar idi.

- Özünüzü azad insan hesab edirsiniz?

- Ruhən azad insanam. Nə qədər doğrudur, bilmirəm. Ümumiyyətlə, hər kəs azadlıq istəyir. Amma seçdiyimiz peşələr, gördüyümüz işlər, arxasınca getdiyimiz arzular bizi azadlıqdan çıxarır. Azad olmaq üçün işləyərkən, nələrsə edərkən nəyəsə məhbus oluruq. Mən inanclı bir insanam, bunu elan etməyi sevməsəm də bunu bir yerə bağlayacam. Qəşəng bir cümlə oxumuşdum: “Birə qul olmayan, minə qul olar”. Mənə görə, Allaha qul olmaq  hər şeydən azad olmaqdır. Orda bağlı olmaq hər şeydən qopmaqdır. Heç nədən nəsə gözləməkdir. Ruhum azaddır və gördüyüm işlərdə də o azadlıq var. Amma bu o demək deyil ki, istədiyim saatda işə gedirəm, istədiyim saatda getmirəm. Əgər sənin öz işindirsə, 7 gün işləmək zorundasan.

Ailəmlə vaxt keçirməli olanda işdən dayanıram. Gözəl bir söz var. Deyir ki, sevdiyin bir işi etdiyin zaman işləməmiş olarsan. Çünki mən o işi görərkən iş görürmüş kimi görmürəm. Ona görə də çox yaxşı görürəm, çox keyfiyyətli edirəm. Çünki sevərək edirəm. İnsan sevdiyi şeyi edəndə bütün diqqəti orada olur və çox daha yaxşı edir. Çox daha uzun saatlar, günlər, aylar edə bilir və bezmir. Məndə də eyni bu şəkildədir.

“Həyatı rəngləndirməyi sevirəm”

Həyatı rəngləndirməyi sevirəm. Həyat əslində asandır, buna teorik olaraq inanıram. Və inandığım bu teorini də, bu nəzəriyyəni də həyatıma tətbiq etməyə çalışıram. Həyat asandır, biz çətinləşdirməsək. Biz çətinləşdirmədiyimiz müddətcə, əslində, həyat çox asandır. Məninancıma və həyatdakı missiyalarıma baxıram, ideallarıma tərs düşməyən şeyləri etməyə çalışıram.

Motosikleti çox sevirəm, kiçik qəzalar keçirmiş olsam da ondan vaz keçə bilməmişəm. Əlbəttə, sürmək istəyənlərə də tövsiyə edirəm ki, çox yaxşı öyrənməlidirlər. Mən uzun müddət velosiped sürdüyüm üçün çox rahat motosiklet sürməyə başladım. Təhlükəllidirmi? Bəli, amma bizdən də çox şey asılıdır. Özümüzə də, ətrafdakılara da diqqət etməliyik. Sadəcə, özümüzə diqqət etməyimiz də kifayət etmir.

Turizmlə bağlı məşğuliyyətim necə başladı? Dostlarımla çadır düşərgələri edirdim, təbiətə gedirdim, gəlirdim. İngiliscə dediyimiz “haykinq” yürüşlərinə gedirdim. Sonra bir neçə nəfər təklif etmişdi ki, bəlkə, bunu iş kimi edəsən. Mən demişdim ki, yox, bunu işə çevirsəm, buradan aldığım həzzi itirəcəm. Sonra baxdım ki, əslində, bunu hamı kimi yox, bir az fərqli edə bilərəm. Məsəl üçün, nə edə biərəm? Burada da pedaqoq tərəfim köməyə çatdı. İnsanları tura aparıb, orada komanda oyunları oynadırdım ki, yeni tanışlıqlar yaransın, insanlar bir-birini tanısın, komanda ruhu formalaşsın. Başladım bunu davam etdirməyə. Sonra bunu tamamən korporativlərə çevirdim, baxdım ki, belə ehtiyac var. Yəni ölkədə hal-hazırda bu işi bizim kimi görən 3-5 şirkət daha var, amma biz ilklərdənik. Bəlkə də birinciydik, ikinciydik, bilmirəm, belə bir yarışa da girmirəm. Yəni turuzmə keçmə səbəbim də o oldu. Özüm bu işi edirdim. Təbiətdən zövq alırdım. Hətta bizim şirkətin şüarı da “Refresh yourself” –“Özünü yenilə”dir. Onu da özüm “brending menecer”ə demişdim ki, belə olsun. Yəni turizmə keçmə hekayəsi də o şəkildə oldu. Özüm başlamışdım. Aldığım zövqü dadınca, bunu insanlara götürmək istədim. Və yaxşı da alındı.

- Sizin üçün xoşbəxtlik nədir və onu necə təsəvvür edirsiniz?

- Ümumiyyətlə, insanlar “xoşbəxtlik”lə “hüzur” sözünü ayırırlar. Amma mən hələ tam bunun üstündə fikirləşməmişəm ki, bunlar ayrıdır, eynidir?! Mən hüzurlu, xoşbəxt bir insanam. Bunu pərgələ oxşadıram. Şagirdlərimə də həmişə bu misalı verirdim. Pərgəlin iki ayağı var, biri səhifəyə, deyək ki, harasa - mərkəzə batır, digər pərgəl, digər ayaq fırlanır və tam istədiyimiz kimi dairə olur. Düşünürəm ki, insan da bir yerə sabitləndiyi zaman, digər ayağıyla, digər tərəfiylə gözəl bir dairə çəkə bilər. Amma bu, bir yerə sabit olmayanda bir az bura çəkirəm, sonra yerimi dəyişib oradan çəkirəm... Bu qırıq-qırıq, kəsik-kəsik və istədiyim kimi dairə olmur.

Düşünürəm ki, mən ayağımı sağlam bir yerə batırmışam, sabitləmişəm və ona görə də digər hissə ilə çəkdiyim dairədən zövq alıram. Yəni xoşbəxtliyimin səbəbi əslində odur. İşi çox sevdiyin zaman iki dənə zərəri ola bilir, belə deyək, dezavantajı. Biri odur ki, pul qazanmasan da, sən başını yastığa çox hüzurlu qoyursan, pul qazanmadığının da çox fərqinə varmırsan. Ona görə, sənə kimsə demədi ki, bu gün yaxşı yatdın, amma pul qazanmadın. Amma sevdiyin işi elədikcə, təbii ki, sonra onun maddi tərəfi də çox yaxşı olur. İkinci tərəfi də, yorulduğunu hiss eləmirsən. Gecə-gündüz işləyə bilərsən və sən dayanmayacaqsan. O vaxta qədər ki, bayaq vurğuladım, ailəmlə, ya da dostlarımla vaxt keçirməyə çalışanda. O zaman bilirəm ki, artıq burada dayanmalıyam, bu, onların haqqıdır.

Ailə məsələsi bir məsuliyyətdir. Mənə elə gəlir ki, ailə həyatdakı ən böyük məsuliyyət və ən böyük missiyadır. Ən azından ən böyük missiyalardan biridir. Eyni zamanda ən böyük məsuliyyətlərdən biridir. Əgər ailə həyatı qurursansa, istər yoldaşına, istər uşağına, uşaqlarına qarşı bir məsuliyyəti boynuna almış olursan. Deyirsən ki, mən sizə vaxt ayıracağam, sizə resurs ayıracağam, mən sizi qoruyacağam, sizi lazım olan hər şeylə təmin edəcəyəm. Gücümün çatdığı qədər, hallallıqla nəyə çatırsa o qədərini. Bunu texniki olaraq da, nəzəri olaraq da tez-tez özümə xatərladıram ki, Hüseyn, artıq iş saatı bitdi, oğlunla vaxt keçirmən, oynaman lazımdır. Bunu edərkən nəyi xatırlamağa çalışıram? Valideynlərə həmişə misal çəkirəm. Deyirəm ki, hər kəs pedaqoq, ya da psixoloq olmaq məcburiyyətində deyil. Mən pedaqoq və psixoloq olaraq da kifayət qədər səhvlər edə bilirəm. Bəs, o zaman biz neyləməliyik? Kitab da oxumaya bilərik, videolar da izləməyə bilərik, təlimlərə də getməyə bilərik... Amma yaxşı valideyn olmaq şərtdir. Biz öz uşaqlığımızı fikirləşsək ki, mən necə olanda valideynlərimlə xoşbəxt olurdum? Əlbəttə, vaxt keçirəndə. Deməli, biz də uşaqlarımızla vaxt keçirməliyik. O bizi yaxşı bir valideyn, yaxşı bir yoldaş, yaxşı bir həyat yoldaşı edəcək.

- Bu yola başlayanda sizə daha çox güc verən nə oldu: imkanlarınız, yoxsa özünüzə olan inamınız?

(Ardı var)

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az