Narkotiklərlə bağlı qanun layihəsinə edilən dəyişikliklər niyə qüvvəyə minməyib? - VƏKİLDƏN SENSASİON AÇIQLAMA

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

Təhlil göstərir ki, Azərbaycanda da narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ildən ilə artır. Təkcə ötən ilin birinci rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 147, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 204 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 619 kiloqram 890,876 qram artıb. Bu isə problemlə bağlı daha ciddi tədbirlər görülməsini zəruri edir.

Stopnarkotik.az xəbər verir ki, tanınmış vəkil Ceyhun Yusifov “Azpolitika.info”-ya açıqlamasında narkotiklərin qanunsuz dövriyyəsinin artmasında qanunvericilikdəki boşluqların da böyük rolunun olduğunu bildirib. Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə müsbət dəyişikliklər edilsə də, nədənsə tətbiq olunması gecikdirilir: “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin aparılması istiqamətində ötən ilin may ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklər həmin dövrdə cəmiyyətdə müsbət təsir oyatmışdı. Lakin bugünki günədək həmin dəyişikliklərin faktiki olaraq qüvvəyə minməməsi özü ilə bağlı yeni problemlər gətirir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 may 2022-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VIQD nömrəli qanunun tətbiqi barədə” sərəncam imzalanıb. Həmin sərəncamın əsas məqamı isə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə uyğun olaraq, narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən Azərbaycan Respublikası qanunlarının layihələrini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsinin həvalə edilməsi ilə bağlıdır.

Ancaq sərəncamın verilməsindən bir ildən artıq vaxt keçsə də, indiyə kimi həmin miqdarlar müəyyən olunmayıb. Sözsüz ki, həmin miqdarlar müəyyən olunmadığından məcəllələrə edilmiş müvafiq dəyişikliklərin də heç bir hüquqi əhəmiyyəti qalmır. Halbuki “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın xüsusi bir bölməsi qanunvericiliyin təkmilləşdirilməsinə ayrılmış, həmin hissəyə dair təkliflərin verilməsi və bu minvalda işlərin aparılması üçün icraçı orqanlar kimi bir çox dövlət qurumlarına təlimatlar verilmişdir”.

Ceyhun Yusifov bu problemin qısa müddətdə həlli üçün bir çox dövlət orqanının məsələni diqqətdə saxlamalı olduğunu bildirir: “O cümlədən, məsələ Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının da nəzərində saxlanılmalıdır. Həmin komissiya tərəfindən hər il üçün xüsusi iş planı təsdiq olunaraq ictimaiyyətə təqdim edilməkdədir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin operativ qaydada tətbiqi də bu iş planlarında öz təsdiqini tapmağı təqdirəlayiq addım olardı”.

Tanınmış vəkil qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqiqinin narkotiklərlə mübarizədə ciddi rol oynayacağı fikrindədir: “Hazırda isə narkotiklərlə mübarizə cəmiyyətin əsl ağrılı yeri hesab olunur. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hüquq pozuntuları törətmiş şəxslərə fərdi yanaşılması, mövcud narkotik vasitələrin növü, mənşəyi və miqdarına uyğun cəzaların təyin edilməsi sosial ədalət prinsipinin təmini üçün olduqca vacibdir. Bugünki gündə yaranan şərait dövlətin cəza siyasətində qeyri-müəyyənlik yaranmasına səbəb olur. Bu qeyri-müəyyənlik isə istintaq orqanları, məhkəmələr və həmçinin cinayət əməlini törətmiş şəxslər tərəfindən sui-istifadə edilməsi halları ilə nəticələnir. Bəzən bir-neçə qram narkotiklə tutulan şəxsə evindən kiloqram və daha çox narokotik aşkarlanan şəxsdən daha ağır cəza verildiyini şahidi oluruq. Ümumilikdə, hüquq sistemindəki hər hansı bir qeyri-müəyyənlik sui-istifadə hallarına birbaşa şərait yaradır. Hazırki məsələ hər zaman ictimaiyyətin diqqətində saxlanılmalı və birbaşa cəmiyyətin nəzəri narkotiklərlə mübarizəyə yönəldilməlidir.

Məhz bu qeyd olunanlara əsasən, hesab edirik ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə ilk başda tətbiq olunan qanun normalarının ədalətli olması və bu minvalda edilən qanun layihəsi dəyişikliklərin operativ qaydada həyata keçirilməsi ilə sıx bağlıdır. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu dəyişikliklərin tətbiqi üçün hərəkətə keçməlidir”.