Arvadı ilə keçmiş sevgilisi dalaşan kişiyə cinayət işi açıldı - BAKIDA

Bakıda kişi restoranda arvadını döyüb.

Hadisə Nizami rayonu ərazisində yerləşən məkanlardan birində qeydə alınıb.

İttiham aktına görə, 39 yaşlı Faiq Mansurov (ad və soyad şərtidir) gecəyarı restoranın otaqlarından birində arvadı ilə yeyib içib sərxoş olub. Lakin Faiqin keçmiş sevgilisinin də restoranda olması ər-arvadın kefini pozub. Belə ki, qadın qısqanclıq zəminində ərinin keçmiş sevgilisi ilə mübahisə edib. Bu zaman Faiq arvadına irad bildirsə də, qadın ona kobud cavab verib. Arvadının cavabından hiddətlənən kişi onun üzünə və ağzına sillə ilə zərbələr vuraraq xəsarət yetirib.

Nəticədə ona qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə barışdığını deyib. Zərərçəkən qadın da ərini bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Cütlük məhkəmədən cinayət təqibinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Faiq Mansurov məsuliyyətdən azad olunub./lent.az