"ƏMİNƏM Kİ, ONLAR DAVAM EDƏCƏK" - Prezident gəncləri aksiyaları davam etdirməyə çağırdı

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə xarici agentlər haqqında qanun layihəsinə qarşı mitinqlərin davam edəcəyinə və 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri strategiyasının tərkib hissəsi olacağına ümid etdiyini bildirib.

Siyasətçinin sözlərinə görə, bu nümayişlər genişmiqyaslı, lakin çox dinc şəkildə, çoxlu sayda gəncin iştirakı ilə keçirilir.

“Əminəm ki, onlar davam edəcəklər. Bu, məqsədi qarşıdan gələn seçkilər olan strategiyanın bir hissəsinə çevrilmiş trenddir”, - deyə Gürcüstan prezidenti bildirib.

Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanunun qüvvəyə minməsi üçün deputatlar ona daha iki oxunuşda baxıb qəbul etməlidirlər. Yalnız üç oxunuşda qəbul edildikdən sonra sənəd imzalanmaq üçün Gürcüstan prezidentinə göndəriləcək.

Bir neçə gün ərzində Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Zurabişvili bildirib ki, o, xarici agentlər haqqında səs-küylü qanuna veto qoyacaq.

Mənbə: CNN