Ölkəni cənginə almış narkomaniya bəlasının əsas qaynağı olan narkotik tacirlərinin həbs edilməsi elə təəssürat yaradır ki, bu problem tezliklə aradan qalxacaq. Yəni çoxları güman edir ki, davamlı mübarizə nəticəsində yaxın zamanda ölkəmizdə narkotik satışının kökü kəsiləcək, narkomaniya bataqlığına düşən valideynlərin ah-naləsi azalacaq. Amma çox təəssüflə qeyd edirik ki, reallıq tamamilə fərqlidir. Məsələn, Azərbaycan reallığında hakimlər hətta Prezident fərmanının üstündən keçirsə, məhkəmə-hüquq sistemindəki islahatlar sadəcə kağız üzərində qalırsa, deməli, dövlətin narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı siyasəti uğurlu ola bilməz. Fikrimizi əsaslandırmaq üçün bir qədər keçmişə nəzər salaq.
Məlum olduğu kimi, 2019-cu ildə Prezident İlham Əliyev Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzaladı. Həmin fərman imzalananda çoxları ilə düşünürdü ki, tezliklə islahatlar öz bəhrəsini verəcək, hakimlər sifarişli və ədalətsiz qərarlar qəbul etməyi dayandıracaq, beləliklə ölkədə hüquq pozuntuları aradan qalxacaq və normal cəmiyyət formalaşacaq. Çünki cəmiyyətin inkişafı üçün ilk növbədə orada ədalət tərəzisinin “çaşmaması” lazımdır. Yəni cəmiyyətdə insan münasibətlərinin tənzimlənməsi üçün ədalətin cəmiyyətin kompası olması, yol göstərən arbitr kimi çıxış etməsi zəruridir. Əks təqdirdə, ədalətsizlik toplumun içində düşmənçiliyə, dövlətə qarşı inamın sarsılmasına gətirir, bu da öz növbəsində dövlətin çöküşünə zəmin yaradır.
Çox təəssüf ki, Prezidentin məlum fərmanının üstündən 4 ildən də çox vaxt keçməsinə baxmayaraq, ölkədə məhkəmə-hüquq sahəsində ciddi islahat nəzərə çarpmır. Doğrudur, formal olaraq müəyyən hakimlərin mantiyaları əyinlərindən çıxarıldı, onların yerinə gənc kadrlar gətirildi. Məsələn, son olaraq Ali Məhkəmə rəhbərliyində dəyişiklik olundu, sabiq kənd təsərrüfatı naziri İnam Kərimov bu qurumun sədri təyin olundu. Sözsüz, bunlar müsbət addımlardır, amma təəssüf ki, bu qərarlar nəticədə, yəni vətəndaşın hüquq və azadlığı sahəsində öz müsbət təsirini göstərmir. Hələ də ölkədə hüquq pozuntuları baş verir, cinayətkarlar azadlıqda gəzir, günahsız insanlar heç bir səbəb olmadan şərlənərək həbsə atılır və s. Bir sözlə, hələ də bizim məhkəmələr istədikləri şəxs haqda istədikləri qərarı çıxarmaqda “sərbəstdirlər”. Heç də təsadüf deyil ki, bu səbəbdən də həbsxanalarda yüzlərlə, minlərlə günahsız insan “yatır”. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Prezident fərmanının təsir mexanizmi hələ də işə düşməyib, sanki hansısa gizli əl islahatların önündə sipər yaradıb. Prezident fərmanının icrasına məsul olan şəxslər məhkəmə-hüquq sistemindənki islahatların dərinləşməsinə dəstək olmaqdansa, hər biri mövcud boşluqdan istifadə edib öz cibini doldurur, dövlətin mənafeyi şəxsi çıxarlara qurban verilir. Deyilənlərə misal olaraq son vaxtlar narkotik ticarəti ilə əlaqədar həbs olunmuş şəxslərin həbsxana rəhbərlərinin təqdimatı, məhkəmələrin qərarı ilə açılıb buraxılmasını göstərə bilərik. Çoxlarına sirr deyil ki, bu ittihamla həbsə atılan şəxslərin vaxtından əvvəl, yəni cəza müddətini bitirməmiş azadlığa buraxılması onların nümunəvi davranışından, yaxud islah olunmasından irəli gəlmir. Bu cür halların böyük əksəriyyəti məhz rüşvət hesabına başa gəlir. Bu baxımdan, güman etmık olar ki, vaxtından əvvəl azadlığa qovuşan narkotik alverçiləri məhz rüşvətlə həbsdən çıxırlar.
Yeri gəlmişkən, narkotik ticarəti ittihamı ilə həbsə girən şəxslərin bu cür yollarla azadlığa çıxması anlaşılandır. Çünki məhkəmələrə “azadlıq üçün verilən peşkəş” – pul elə narkotik alverçilərinin mənsub olduğu kriminal şəbəkədədir. Narkotik baronları isə öz adamlarını uzun müddət içəridə saxlamaqda maraqlı deyillər. Odur ki, həbs müddətindən 2-3 il keçdikdən, yəni cəza müddətinin 2/3-i başa çatdıqdan sonra narkobaronlar öz “əməkdaşlar”ını azadlığa çıxarırlar ki, öz ticarətləri “axsamasın”.
Gələk narkotik əməliyyatlarına. Bəllidir ki, ölkədə bir çox qurumlar, məsələn, DİN, DSX, DGK son illərdə narkotik ticarətinin çökdürülməsi ilə bağlı davamlı əməliyyatlar keçirirlər. Bu əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çxıarılmaqla yanaşı, demək olar ki, hər gün onlarla şəxs həbs edilir. Amma hamıya bəllidir ki, bu həbs olunanlar “kiçik balıqlar”, yəni kiçik həcmli narkotik satıcılarıdır. “Böyük balıqlar” isə heç vaxt tora düşmür, hətta onlar böyük pullar hesabına özlərinə bir növ “toxunulmazlıq” da əldə edə bilirlər...
Bəzi məqamlarda onun da şahidi oluruq ki, DİN, yaxud DSX tərəfindən həbs olunan şəxslər məhkəmələr tərəfindən sərbəst buraxılır. Baxmayaraq ki, həmin şəxslərin həbsi zamanı onların üzərində külli miqdarda narkotik, silah və s. daşınması qadağan olunan əşyalar aşkarlanır, lakin onlar məhkəmə ilə “anlaşaraq” həbsdən yayınmağı bacarırlar. Maraqlıdır, kifayət qədər dəlil-sübutla tutulan, törətdiyi əmələ görə layiqli cəza almalı olan narkodiler məhkəmədən əl-qolunu yelləyə-yelləyə, qanunu tapdayaraq çıxırsa, o halda narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı hansı uğurlu mübarizədən danışa bilərik?! Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, məhkəmələrin açıb-buraxdığı narkodilerlərin əksəriyyəti bu yolu dəfələrlə keçmiş, azadlıqdan həbsə-həbsdən azadlığa gedən yolda püxtələşmiş şəxslərdir.
Məsələn, gəlin məhkəmələrin azadlığa buraxdığı narkotik satıcılarının kontingentinə bir nəzər salaq. Mayın 16-da külli miqdarda narkotik dövriyyəsində ittiham olunan üç nəfər - Aslan Fərəcov, Mahmud Nəzərov və Asəf Səmədzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatdıqdan sonra Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların təsdiqini tapmadığı qənaətinə gəlib və hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə bəraət verilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıblar. İttihamda isə deyilir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov xüsusi əməliyyat tədbirləri ilə tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda narkotik aşkar olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti nədənsə belə qərara gəlib ki, əvvəllər dəfələrlə məhkum olunmuş bu üç şəxsi buraxmaq lazımdır, baxmayaraq ki, şəxsi axtarış zamanı onların üstündən külli miqdarda narkotik aşkarlanıb. Amma bu səbəbin nə olduğu bəlli deyil.
Eləcə də, külli miqdarda qanunsuz narkotik daşımaqda ittiham olunan Saleh Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Saleh Əliyevin cinayət əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından azadlığa buraxılıb.
Halbuki, Saleh Əliyev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı tutulduğu qeyd olunur. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Daha bir neçə faktı dəyərli oxucuların diqqətinə çatdıraq:
Sentyabrın 19-da Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb və araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub (https://stopnarkotik.az/az/polis-goycayda-mliyyat-kecirdi-narkotacirlr-tutuldu-fotolar.html). Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb (https://stopnarkotik.az/az/masallida-kecmis-mhkum-saxlanildi-uzrindn-v-evindn-kulli-miqdarda-narkotik-cixdi-fotolar.html). Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin ("patı"), 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb (https://stopnarkotik.az/az/kurdxanida-evd-kulli-miqdarda-pati-askarlandi.html). Diqqət edin, bu şəxslər hamısı keçmiş məhkum olunanlardır.
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları növbəti əməliyyat həyata keçiriblər və əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kiloqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar edilib (https://stopnarkotik.az/az/su-polisi-mliyyat-kecirdi-kecmis-mhkumlar-saxlanildi-kulli-miqdarda-narkotik-l-kecirildi-video.html).
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ç.Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb. Ondan 1 kiloqramdan çox narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə ittiham elan olunub. Maraqlısı budur ki, Ç.Ağayev dəfələrlə bu maddə ilə həbs edilib (https://report.az/hadise/bakida-narkotik-satisina-gore-teqsirlendirilen-sexsin-mehkemesinin-hazirliq-iclasi-kecirilib/).
Belə anlaşır ki, Azərbaycanda məhkəmələrdə qanun yox, pul rol oynadığı üçün bu qəbildən neqativ hallar artıq “məhkəmə ənənənəsi” halına gəlib. Deməli, Azərbaycanda “qanunüstü fövqəladə” şəxslərin yazılmamış toxunulmazlıq qanunu dövlət qanunundan üstündür. Belə çıxır ki, məşhur el məsəlində deyildiyi kimi, biz “uzunqulağı qoyub, palanı döyəcləyirik”.
Çox təəssüf ki, məhkəmələrin bu cür qərarlar verməsi ölkədə narkotiklərlə qarşı mübarizənin uğursuz olmasına səbəb olur, qanunun hamı üçün eyni olması prinsipinə xələl gətirir. Bu baxımdan məhkəmə islahatları aparılırsa, ilk öncə məhkəmələrin həqiqətən də azad olub-olmamasına baxmalıyıq. Bəli, istisna olaraq bir neçə hakimin ədalətli qərar verməsi halları var, amma bu azlıq təşkil edir. Hakimlər kontingentinin əksəriyyəti qanunu, ədaləti yox, özlərinə məlum olan müəmmalı səbəblərdən rüşvət şakərindən əl çəkə bilməyərək, polis əməliyyatları ilə həbs edilmiş narkotik alverçilərini təmizə çıxararaq cəzadan xilas etməkdə, ölkədə gedən narkotik mübarizəsinə xələl gətirərək narkotik cinayətkarlarına azadlıq bəxş etməkdə püxtləşiblər. Bəs, bu onların yaşadıqları cəmiyyətə və dövlətə xəyanəti deyilmi?
Asya ŞÜKÜROVA,
Stopnarkotik.az