İnsansız zavod işə başlayır: saniyədə bir smartfon istehsal edəcək

Çinin məşhur brendlərindən olan "Xiaomi" yeni nəsil smartfonların istehsalı üçün heç bir insan müdaxiləsi olmadan işləyən zavod açır.

Bu barədə şirkətin baş direktoru Ley Jun bildirib.

"Ağıllı fabrik" tezliklə Pekində fəaliyyətə başlayacaq və planlaşdırıldığı kimi sutkada 24 saat işləyəcək. Burada robot maşınlar bir-biri ilə qarşılıqlı əlaqədə olacaq, tozları özləri təmizləyəcək və məhsulların keyfiyyətini yoxlayacaqlar. Zavodun saniyədə bir, gündə 86,4 min smartfon istehsal edə biləcəyi planlaşdırılır.

Xiaomi bu layihəyə 2,4 milyard yuan (təxminən 561 milyon manat) xərcləyib. Bununla belə, şirkət qeyd edir ki, Pekində "ağıllı fabrik"in açılması yalnız ilk addımdır və gələcəkdə bu sahə genişlənəcək.