"Ramazan bayramı ilə əlaqədar müsəlman dövlətlərindən bəzisi 5 gün, bəziləri 7 gün tətil edir. İmamlar QMİ-nin fətvasına qarşı çıxırsa, kimin dediyini edir?!"
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu il Ramazan bayramı ərəfəsində bayram namazının qılınması ilə bağlı yaşanmış anlaşılmazlığa münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycanda ənənəvi bayramlarda müvafiq tətil günləri verilir:
"Ölkədə Ramazan və Qurban bayramı Novruz bayramı ilə müqayisədə daha az, yəni 2 gün olur. Bu, o demək deyil ki, məsciddə keçiriləcək tədbir başqa günləri əhatə etməlidir. Biz ölkənin dini qurumunun çıxardığı fətvasını əsas götürməliyik.
Şeyxülislam özü gedir həmin gün bayram namazı qıldırır. Əgər hansısa imam öz ölkəsinin dini qurumunun fətvası yerinə yetirmirsə, düz edir? Ona sual vermək lazımdır görək o kimin fətvasını yerinə yetirir? Hər bir ölkənin öz dini qurumu, bizdə də QMİ və Qazilər Şurası mövcud vəziyyəti qiymətləndirib fətva verir. QMİ-nin fətvası dini etiqad azadlığına zidd olmur. O, dinlə əlaqədar tələblərə uyğun fətva verir. Bu şəriət qaydalarını əhatə edir. Əgər QMİ-nin tərkibində olan qurum buna əməl etməsə ziddiyyət yaranmazmı?! Dövlət heç vaxt məsciddə, kilsədə ayinlərin necə idarə edilməsinə müdaxilə etmir. İstənilən dinin rəhbər qurumu var və onların qərarına əməl etməlidir.
Belə hallarda imamlara sual verilməlidir ki, öz mənsub olduğu, şəriətlə bağlı əlaqəli olduğunu şeyxülislamın fətvasını yerinə yetirmirsə, kimin fətvasını yerinə yetirir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ-nin fətvasına müdaxilə etmir. Qərardan dolayı məscidlərdə proseslərin gedişatına nəzarət edir".
M.Qurbanlı onu da qeyd edib ki, islam dünyası bütövdür və dünya əhalisinin 25 %-i təşkil edir:
"İslam coğrafiyası 57 ölkəni birləşdirir. Amma ölkələrin dövlət daxili münasibətlərində fərq var. 57 ölkənin 28-də konstitusiyada islam dininə aid olma qeyd edilib. Dünyanın 100-ə yaxın ölkəsində dini mənsubiyyət qanunvericilikdə qeyd edilib. Dünyada 200-dən çox ölkə var. Yəni bu məqamlarda fərqlilik ola bilər. Biz dünyəvi dövlətin və islam dünyasının bir parçasıyıq. İslam dünyasına aid olan qaydalar, ənənələr xalqımıza da aiddir. Xalqımızın 96 %-i müsəlmandır. Ölkədə 37 qeyri-müsəlman dini icma fəaliyyət göstərir"./report