Generalın bacısı oğlu "Medistyle Hospital"ı satıb? - Yarım milyondan çox borc var

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən "Medistyle Hospital"ın dünən satılması ilə bağlı məlumat yayılıb.

Şirkətin kimə satılması ilə bağlı hələlik ictimaiyyətə məlumat verilmir. Çox güman ki, yaxın günlərdə bu məsələyə aydınlıq gətiriləcək. 

Bir ay əvvəl nizamnamə kapitalı 3 948 855 AZN, qanuni təmsilçisi  Əhmədov Rahim Rahib oğlu olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) vergi yoxlaması həyata keçirilib. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 757 min 593 manat 73 qəpik vergi borcu var. Ötən il isə bu, 680 min 897 manat 51 qəpik idi. 

 

Hospitalın təsisçisi isə İmran Ağayev olub. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində işləyib.

İmran Ağayev 2021-ci ilin aprelində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumatda bildirilir ki, İmran Ağayev qeyri-rəsmi köməkçiləri olan FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində rüşvət alıb.

İmran Ağayev

İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub. 02.05.2023-cü ildə rüşvət ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının sabiq baş həkimi İmran Ağayev azadlığa buraxılıb.

İttiham aktında İmran Ağayevin "Medistyle Hospital”ın təsisçisi olduğu qeyd edilib. O, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin bacısı oğludur. Əslində "Medistyle Hospital”ın sahibinin də Faiq Tağı-zadə olduğu bildirilir.

Xatırladaq ki, FHN Modul Hospitalının sabiq baş həkimi İmran Ağayev azadlığa çıxan günü "Medistyle Hospital”da təmtəraqla qarşılanmışdı./qaynarinfo.az