Rusiya Müdafiə nazirinin müavini Timur İvanovun həbsindən sonra bir çox müşahidəçilər əsas hədəfin nazir Sergey Şoyqu olduğunu bildirirdilər. Hadisələrin gedişi bu proqnozların reallığa yaxın olduğunu deməyə əsas verir.
Böyük Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya FTX-sı müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovu nazirlikdəki korrupsiya işi üzrə dindirib. Çox güman ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanovun işinin araşdırılmasına Sergey Şoyqunun birinci müavini Ruslan Tsalikov da cəlb edilib.
İvanovun himayədarı hesab olunan Tsalikovun korrupsiya işi ilə bağlı dindirilməsi onu göstərir ki, FTX-ya daha üst vəzifəlilərə, hətta nazir Şoyqunun özünə qədər gedib çıxmaq həvalə olunub. Məlumatda qeyd olunur ki, Tsalikov Müdafiə Nazirliyində nazir Şoyqu və Baş Qərargah rəisi, general Valeri Gerasimovdan sonra üçüncü şəxsdir.
İvanov kimi Tsalikovun da müdafiə naziri Şoyqu ilə uzaq keçmişi olan sıx əlaqələri var. O, Fövqəladə Hallar Nazirliyində Şoyqunun tabeliyində işləyib, sonra onun ardınca əvvəlcə Moskva vilayətinin qubernatorunun ofisinə, daha sonra 2012-ci ildə Müdafiə Nazirliyinə qədər gəlib çıxıb.
İvanovla bağlı aparılan istintaqın Rusiyanın maliyyə naziri Anton Siluanova da təsir edə biləcəyi barədə real ehtimallar var. Çünki Müdafiə Nazirliyinin tikinti qurumlarının Siluanov üçün ev tikdiyi məlum olub. Bütün bu məlumatların mətbuata sızdırılması isə FTX-nın hədəflərinin İvanovla məhdudlaşmadığını göstərir.
Britaniya kəşfiyyatının məlumatında deyildiyi kimi, korrupsiya uzun müddətdir ki, Rusiya Müdafiə Nazirliyində mövcuddur və rus ordusunun əsas problemlərindən biridir. Hələ 2019-cu ildə Baş Hərbi Prokuror Valeri Petrov demişdi ki, korrupsiya “hüquqi dövlətdə praktiki olaraq əksər problemlərin köküdür”.
Britaniya kəşfiyyatı bildirir ki, Rusiya ordusunun genişmiqyaslı işğalın ilk mərhələsində fiaskoya uğramasının da əsəs səbəblərindən biri məhz korrupsiya olub. Çünki ərzaq təminatından tutmuş hərbçilərin geyiminə, hərbi texnikanın vəziyyəti və yanacaq təminatına qədər bütün sahələrdə baş alıb gedən oğurluq Rusiya ordusunun döyüş qabiliyyətini xeyli zəiflədib./azpolitika.info