"Ermənistan Cənubi Qafqazı yenidən silkələmək istəyir və Azərbaycan buna hazır olmalıdır". Bu sözləri təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov Sputnik-ə açıqlamasında deyib.
“Bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Azərbaycan prezidentinin köməkçisini dinləməli və Ermənistan Silahlı Qüvvələrinə məhdudiyyətlər qoymalıdır”, – deyə ekspert bildirib. Mixaylov qeyd edib ki, Ermənistan hakimiyyətinin indiki siyasəti Ermənistanın özü üçün fəsadlarla dolu ola bilər. O əlavə edib ki, Azərbaycan özünü müdafiə etməyə qadirdir.
Bəs görəsən, rusiyalı ekspertin xəbərdarlığı təhlükə üçün əsas sayıla bilərmi?
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan ABŞ və Avropa İttifaqına arxalanaraq, regionda aqressiv davranışlar sərgiləyir:
"Ermənistan 5 aprel tarixində, ABŞ və Avropa İttifaqı ilə imzaladığı hərbi paktdan sonra regionda kifayət qədər aqressiv davranır. Paşinyanın da fəaliyyətlərində qismən cəsarətlənmə müşahidə olunur. Digər tərəfdən isə, Ermənistan həm atəşkəs pozuntularının sayını artırıb, həm də Azərbaycan Ordusunun mövqelərində hava kəşfiyyatı aparır. Əlavə olaraq, Ermənistan Azərbaycanla sərhədə hərbi infrastruktur yerləşdirir. Çünki həm müharibədən əvvəl, həm də sonra Ermənistan tərəfi təxribatlara yol verib. Üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə, Azərbaycan əsgərinin həyat və sağlamlığına təhdidlər yaratmağa üstünlük verib. Təbii ki, belə olan halda, Ermənistan Azərbaycan tərəfinin səbrini daşırtmağa yönəlik hərəkətləri ilə münaqişənin aktiv fazasına qədəm qoymağa yönələn addımlar atır. Demək olar ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərdən imtina edir. Nə Zəngəzur dəhlizi açılıb, nə delimitasiya prosesi aktiv fazaya keçib, nə də Ermənistan konstitusiyasında dəyişiklik edilib".
Ekspert Paşinyanın hər vəchlə sülhdən qaçmağa çalışdığını vurğulayıb:
"ATƏT-in Minsk qrupunun institut kimi Ermənistan tərəfindən saxlanılması da Paşinyan hakimiyyətinin gözündə münaqişənin başa çatmadığını göstərir. Belə olan halda sülhün əldə olunması elə də rahat olmayacaq. Ermənistan tərəfi sülhdən danışsa da, intensiv formada silahlanır. Buradan məlum olur ki, İrəvana heç də sülh lazım deyil. Əgər Ermənistana sülh lazım deyilsə, Azərbaycana dünəndən lazım deyil. Sülhün alternativi isə toqquşma və müharibədir. Ermənistan bu yolu seçirsə, Azərbaycanın onu başa düşdüyü dildə cəzalandırmaqdan başqa yolu qalmır".