Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqlar aparmaq onsuz da çətin vəzifəi idi, indi isə bu, daha bir qorxulu maneə ilə üzləşir: Volodimir Zelenski və Donald Tramp arasında pozulmuş münasibətlər.
“The Wall Street Journal”-da qalmaqallı Tramp-Zelenski görüşü barədə dərc edilən yazıda belə deyilir. Qəzet qeyd edir ki, birlik nümayişi olmalı olan görüş kamera qarşısında açıq qarşıdurmaya çevrilib. Belə bir parçalanma nümayişi isə Putinin cəsarətlənməsinə xidmət edə bilər: “Görüşdə Zelenski sülh bağlanmasında Kremlə etibar etməyin doğru olmadığını deyərkən, Tramp və vitse-prezident J.D.Vens onu müharibə aparmaqda və ABŞ yardımına görə onlara təşəkkür etməməkdə ittiham ediblər”.
“Reuters” isə yazır ki, Zelenskinin Trampla Ağ Evdəki görüşü “dünya mediası qarşısında fiasko” ilə başa çatıb. Qeyd olunur ki, Zelenski ABŞ-ni Putinin tərəfində olmamağa inandırmaq istəyirdi. Əvəzində Tramp və Vens onun üstünə yeriyərək, Zelenskini hörmətsizlikdə günahlandırıblar və bunun Ukraynanın ən mühüm hərbi müttəfiqi olan ABŞ ilə münasibətlərinin pozulmasına gətirib çıxardığını bildiriblər.
Agentlik vurğulayır ki, nəticədə Ukrayna və ABŞ arasında mədən hasilatı ilə bağlı saziş imzalanmamış və taleyi qeyri-müəyyən olaraq qalır.
Vaşinqtondakı Ukrayna nümayəndə heyətinin adı çəkilməyən üzvü “Reuters”-ə deyib ki, Zelenski görüşdən sonra telefonla Fransa Prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Mark Rutte və Aİ Şurasının sədri Antonio Kosta ilə danışıb və Avropa liderləri Ukrayna Prezidentinin müdafiəsinə qalxıblar.
Nəşr qeyd edib ki, Tramp prezident olduqdan sonra Rusiya ilə bir qədər də yaxınlaşıb və bununla Avropadakı müttəfiqlərini şoka, Ukraynanı isə daha da həssas vəziyyətə salıb. Ağ Evdəki qalmaqal da bu dəyişikliyin ictimai təzahürü idi.
Yazıda qeyd olunur ki, onsuz da gərgin olan görüş, Vensin müdaxiləsilə daha da pik həddə çatıb. Belə ki, o, müharibəni həll etmək üçün yüksək tonla diplomatiyaya ehtiyac olduğunu vurğulayanda, Zelenski Putinə etibar edilə bilməyəcəyini dedi və Vensin Ukraynaya heç vaxt səfər etmədiyini qeyd etdi. Zelenski Rusiya ilə uğursuz diplomatik səyləri sadalayaraq, “hansı diplomatiyadan danışırsınız”, - deyə soruşdu. Vens cavabında "Mən sizin ölkənizin məhvinə son qoyacaq diplomatiya növündən danışıram", - deyə cavab verdi. Zelenski isə açıq şəkildə Trampa Putinə daha yumşaq yanaşmasına görə meydan oxuyaraq onu “qatilə güzəştə getməməyə” çağırdı.
Yazıda o da qeyd olunur ki, Tramp və onun komandası görüşdən sonra tez bir zamanda sosial mediada Zelenskini ABŞ-yə hörmətsizlikdə ittiham ediblər.
Görüşdən sonra “Fox News”-a müsahibə verən Zelenskiyə bu qalmaqaldan sonra onun Trampla münasibətlərinin xilas edilməsinin nə dərəcədə mümkün olduğunu soruşublar. O, “bəli, əlbəttə mümkündür”, deyə cavab verib və əlavə edib ki, baş verənlərə görə “təəssüf edir”.
ABŞ daxilində isə Ağ Evdəki qarşıdurmaya münasibət fərqlidir. Hətta Konqresdəki respublikaçıların heç də hamısı Trampın tərəfini tutmayıb. Demokratlar isə birmənalı olaraq, baş verənlərə görə Trampı və Vensi ittiham ediblər./azpolitika.info