Prokuror bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən və bəraət alan şəxslə bağlı hökmdən protest verib.
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 1 milyon 200 min manat dələduzluqda ittiham olunan Azər İsmayılovun məhkəməsi keçirilib.
İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub.
İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.
Azər İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarılıb.
Hökmlə razılaşmayan dövlət ittihamçısı tərəfindən hökmdən apellyasiya protesti verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilir ki, bəzi sosial media səhifələrində İsmayılov Azər Sərhəd oğlu barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.
Bildiririk ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib, qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib./report