Bakıda 3 nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən 69 yaşlı Vaqif Məmmədova hökm oxunub.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə ona 6 il 6 ay həbs cəzası verilib. Məhkəmə zalında qandallanan sürücünün nəqliyyat vasitəsi idarə etmək hüququ da 4 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən V.Məmmədovun 5 il sürücülük hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum olmasını tələb etmişdi.

Zərərçəkənlərin hüquqi varisləri isə Vaqif Məmmədovun daha ağır cəzaya məhkum olunmasını istəmişdi.

Qeyd edək ki, hadisə yağışlı hava şəraitində Böyükşor gölünün üzərindən keçən yolda baş vermişdi və qəza anbaan lentə alınmışdı. Belə ki, V.Məmmədov idarə etdiyi “AZ-İnşaat” MMC-yə məxsus olan “Mercedes Axor” markalı yük avtomobilini yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozaraq, əks tərəfdən gələn “Wolksvagen” markalı maşınla toqquşub. Nəticədə, sürücü Nəriman Gülməmmədov və sərnişinlər - Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər.