BAKI DEMOQRAFİK PARTLAYIŞLA ÜZ-ÜZƏ - “Hollandiya modeli” tətbiq edilə bilərmi?

Azərbaycanda urbanizasiya prosesi uzun illərdir ki, paytaxt Bakı başda olmaqla əsasən bir neçə şəhər ətrafında formalaşır.

Bölgələrdə yaşayan insanların böyük hissəsi daha yaxşı həyat şəraiti və iş imkanları üçün Bakı və digər iri şəhərlərdə məskunlaşmağı üstün tuturlar. Bunun əsas səbəblərindən biri regionlarla paytaxt arasındakı sosial-iqtisadi fərqin kifayət qədər böyük olmasıdır. İş yerlərinin, iri şirkətlərin, universitetlərin və yüksək gəlir imkanlarının əsasən Bakıda cəmləşməsi də daxili miqrasiyanı sürətləndirib.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, hazırda Azərbaycan əhalisinin sayı təxminən 10 milyon 266 min nəfərdir. Əhalinin 54,3%-i şəhər, 45,7%-i kənd sakinləridir. Maraqlı məqam isə odur ki, ölkə əhalisinin təxminən dörddə biri (2 milyon 355 min nəfər-red.) təkcə Bakıda rəsmi olaraq qeydiyyatdadır, yəni paytaxt sakinidir.

Amma real yaşayış sayı bunun xeyli üstündə hesab olunur. Demoqraflar və urbanizasiya üzrə ekspertlər qeyri-rəsmi olaraq Bakıda daimi və müvəqqəti yaşayanların sayını təxminən 3–3.5 milyon aralığında qiymətləndirirlər. Buraya rayonlardan işləmək və oxumaq üçün gələnlər, qeydiyyatsız yaşayanlar, kirayədə qalan tələbələr və fəhlələr, sənədsiz evlərdə yaşayan əhali, gündəlik “gəlib-gedən” böyük axın daxildir.Abşeron rayonu da nəzərə alınanda paytaxt aqlomerasiyasında yaşayan insanların sayı təxminən 3,5-4 milyon olur. Bu da Azərbaycanın demoqrafik xəritəsində ciddi mərkəzləşmənin olduğunu göstərir.

Əhalinin məskunlaşdğı digər şəhər və rayonlarda mövcud say belədir:

1.. Abşeron rayonu - 435 min nəfər;

2. Sumqayıt şəhəri - 428 min nəfər;

3. Gəncə şəhəri - 331 min nəfər;

4. Lənkəran rayonu - 229 min nəfər;

5. Masallı rayonu - 229 min nəfər;

6. Cəlilabad rayonu - 221 min nəfər;

7. Şəmkir rayonu - 219 min nəfər;

8. Şəki rayonu - 185 min nəfər;

19. Sabirabad rayonu - 183 min nəfər;

Mütəxəssislərə görə, ölkədə məskunlaşma və iqtisadi inkişaf uzun illər sistemli regional planlaşdırma əsasında deyil, daha çox bazarın yaratdığı təbii axınla formalaşıb. Bu proses zamanı beynəlxalq şəhərsalma prinsipləri və balanslı inkişaf modeli arxa planda qalıb. Əmək resurslarının ölkə üzrə bərabər yerləşdirilməsi istiqamətində strateji yanaşma tam formalaşmadığı üçün investisiyanın yönəldiyi ərazilərə insan axını daha da artıb.

Avropanın kiçik, lakin yüksək inkişaf etmiş ölkələrindən olan Hollandiya ilə müqayisə aparanda fərqli model ortaya çıxır. Hollandiyanın əhalisi təxminən 18 milyon nəfərdir və bu göstərici Azərbaycandan xeyli yüksəkdir. Lakin burada ölkədə əhali bir şəhərdə toplanmayıb. Məsələn, ən böyük şəhər olan Amsterdamın əhalisi təxminən 1 milyon 193 min nəfərdir. Rotterdam (893,315 nəfər), Haaqa (890.068 nəfər), Utrext (423,526 nəfər), Eyndhoven (333,059 nəfər) və digər şəhərlərin əhali göstəriciləri də bir-birinə yaxın səviyyədədir. Başqa sözlə, Hollandiyada çoxmərkəzli şəhər sistemi formalaşıb.

Bu modelin əsas üstünlüyü iqtisadi və sosial yükün bir şəhərin üzərinə düşməməsidir. Məsələn, Amsterdam maliyyə və turizm mərkəzi hesab olunursa, Rotterdam Avropanın ən böyük liman şəhərlərindən biridir. Haaqa beynəlxalq təşkilatların və diplomatik qurumların yerləşdiyi siyasi mərkəzdir. Eyndhoven isə texnologiya və innovasiya şəhəri kimi tanınır. Bu balans nəticəsində insanlar yalnız paytaxta axın etmir, müxtəlif şəhərlərdə yaşayıb işləmək imkanına malik olurlar. Azərbaycanda isə vəziyyət fərqlidir. İqtisadi fəaliyyətin, iri şirkətlərin, ali təhsil müəssisələrinin və dövlət idarələrinin böyük hissəsi Bakıda yerləşdiyi üçün daxili miqrasiya əsasən paytaxta yönəlir. Bu da Bakıda nəqliyyat sıxlığı, bahalı mənzil bazarı və infrastruktur yükü yaradır. Digər tərəfdən regionlarda iqtisadi aktivliyin zəifləməsi kimi problemlər də müşahidə olunur.

Bəs maraqlıdır, Azərbaycanda da Hollandiya modelindən istifadə etmək olarmı?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanın əsas problemlərindən biri okeana çıxışının olmamasıdır.

Onun fikrincə, tarix boyu böyük dövlətlərin isti dənizlərə və əsas ticarət yollarına çıxış əldə etməyə çalışması da bunun nə qədər vacib olduğunu göstərir.

Xalid Kərimli Azərbaycanın urbanizasiya modelinin əsasən Bakı ətrafında formalaşmasını iqtisadi və tarixi səbəblərlə əlaqələndirib: “Neft-qaz sektorunun əsasən Bakı və Abşeron yarımadasında yerləşməsi uzun illərdir paytaxta işçi qüvvəsinin axınına səbəb olub. Neft sənayesi, maliyyə resursları, iri müəssisələr və inzibati idarəetmənin paytaxtda cəmləşməsi şəhərləşmə prosesini sürətləndirib. Bu tendensiya təkcə Azərbaycana aid deyil və resurs iqtisadiyyatına malik bir çox ölkələrdə oxşar mənzərə müşahidə olunur. Sovet dövründə də Bakı əsas sənaye və idarəetmə mərkəzi kimi inkişaf etdirilib, iri infrastruktur layihələri əsasən paytaxtda həyata keçirilib. Müstəqillikdən sonra da eyni proses davam edib. Universitetlərin, dövlət qurumlarının və iri iqtisadi strukturların Bakıda yerləşməsi urbanizasiyanı daha da gücləndirib”.

İqtisadçı Hollandiya modelinin isə fərqli olduğunu bildirib:“Bu ölkədə çoxmərkəzli urbanizasiya sistemi qurulub. Amsterdam, Rotterdam, Utrext və Haaqa kimi şəhərlərin hər biri fərqli istiqamətlər üzrə ixtisaslaşıb. Şəhərlərin dəniz və kanal sistemləri vasitəsilə okeana çıxışı isə iqtisadi fəallığı daha da artırıb”.

Xalid Kərimli Azərbaycanın yerləşdiyi regionun da inkişaf baxımından müəyyən çətinliklər yaratdığını deyib. Onun fikrincə, ölkənin ətrafındakı geosiyasi vəziyyət və qonşu dövlətlərin problemləri iqtisadi inteqrasiyaya və regional əməkdaşlığa təsir göstərir.

Ekspert hesab edir ki, Azərbaycan Hollandiyanın modelini tam şəkildə təkrarlaya bilməsə də, regionların inkişafı istiqamətində mühüm addımlar ata bilər:“Sumqayıt neft-kimya və sənaye mərkəzi kimi inkişaf etdirilə bilər. Gəncə isə Qarabağ və Şərqi Zəngəzur bölgəsi üçün iqtisadi və təhsil mərkəzinə çevrilə bilər. Mingəçevirin energetika və sənaye potensialının da genişləndirilməsi mümkündür. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri çərçivəsində ağıllı şəhər və qəsəbələrin yaradılması, logistika və alternativ enerji layihələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Xüsusilə Zangilan logistika və nəqliyyat baxımından strateji əhəmiyyətə malik bölgələrdən biri hesab edilir”.

Xalid Kərimli sonda vurğulayıb ki, regionların inkişafı üçün əsas məsələ iqtisadiyyatın şaxələndirilməsidir: “Ölkə iqtisadiyyatının böyük hissəsinin Bakıda cəmləşməsi regionlara insan axınının zəifləməsinə səbəb olur. Əgər bölgələrdə yüksək maaşlı iş yerləri və müasir infrastruktur formalaşdırılsa, insanlar paytaxtdan kənarda da rahat yaşamaq və işləmək imkanına sahib ola bilərlər”.

Qeyd edək ki, əhalinin böyük hissəsinin cəmləşdiyi Bakı şəhərinin 2040-cı ilədək inkişaf perspektivlərini əhatə edən Baş Plan sənədində də bu məsələyə xüsusi diqqət ayrılıb.Bakı şəhərinin 2040-cı ilə qədər əhali proqnozunun hazırlanması məqsədilə ümumilikdə yeddi fərqli ssenari üzrə təhlillər aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama metodları əsasında həyata keçirilən araşdırmalar nəticəsində müəyyən olunub ki, 2040-cı ilə qədər paytaxtda rəsmi qeydiyyatda olan əhalinin sayı 3,17 milyon nəfərə çata bilər. Qeyri-rəsmi yaşayanları və hər il müxtəlif səbəblərdən Bakıya gələnləri də nəzərə alsaq, paytaxtda əhalinin sayının 5 milyonu kecəcəyi gözləniləndir. Bu isə coxsaylı ciddi problemlər və yaşayış böhranı deməkdir.../azpolitika.info