Yaxın 6 ildə Türkiyə ciddi su qıtlığı ilə üzləşəcək – NAZİRDƏN AÇIQLAMA

Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı qlobal iqlim böhranı şəraitində sudan səmərəli istifadənin kritik əhəmiyyətini dilə gətirib.

Bu barədə Türkiyə mediası xəbər verir.

Məlumata əsasən, “Sudan Səmərəli İstifadə Kampaniyası”na həsr olunan görüşdə nazir vurğulayıb ki, hazırda ölkədə quraqlıq zəlzələ və daşqınların nəticələri ilə müqayisə oluna bilən fəlakət xarakteri alır.

Yumaklı xəbərdarlıq edib ki, mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər ölkənin su ehtiyatları kritik dərəcədə aşağı səviyyəyə düşə bilər. O, Türkiyənin ciddi su çatışmazlığı yaşayan ölkələr sırasına daxil olması ilə bağlı narahatlığını ifadə edib.

Nazir həmçinin xəbərdarlıq edib ki, yaxın 6 ildə Türkiyə əhalisinin yarısı su qıtlığı ilə üzləşə bilər. Ölkənin su ehtiyatının 20%-nin azalacağı gözlənilir.

“Biz bu prosesi idarə edə, böhrana çevrilməsinin qarşısını ala bilərik. Bu, hamımız üçün tarixi məsuliyyətdir”, - deyə Yumaklı bildirib. O, 31 yanvar 2023-cü ildə Əminə Ərdoğanın himayəsi ilə sudan səmərəli istifadə kampaniyasına start verildiyini də xatırladıb. Lakin bu yaxınlarda baş verən “əsrin fəlakəti” (dağıdıcı zəlzələ – red.) hökuməti planlaşdırılan tədbirlərin bir qismini təxirə salmağa məcbur edib.

Nəhayət, Yumaqlı sudan səmərəli istifadəyə dair onillik fəaliyyət planının dərc olunduğunu açıqlayıb.