İranın ABŞ-İsrail koalisiyasına qarşı cavab zərbələrinin əsas ünvanı Təl-Əviv və İsrailin başqa şəhərləri ilə yanaşı, müttəfiqlərin regiondakı tərəfdaşlarıdır. İki həftə ərzində 12 ölkədə hərbi bazalara, hava limanlarına və digər obyektlərə raket və dron zərbələri endirilib.
Bu gün səhər isə İran Hərbi Komandanlığı Yaxın Şərq ölkələrindəki bankları və maliyyə qurumlarını özünün legitim hədəfləri elan edib. Bu da Dubay, Abu-Dabi kimi dünyanın ən mühüm biznes və maliyyə mərkəzlərinin böyük təhlükə altında olduğunu göstərir.
Məlum olduğu kimi, Dubay hava limanı və bir neçə otel artıq dron zərbələrinə məruz qalıb. Nəticədə Yaxın Şərqin ən zəngin şəhəri böyük problemlərlə üzləşib: hava və quru əlaqəsi günlərlə kəsilib, məhdud aviareyslərə bilet qiymətləri astronomik həddə qalxıb, şəhərdəki xarici turistlər çıxılmaz vəziyyətə düşüblər. Onların sırasında olan Azərbaycan vətəndaşları da çıxılmaz vəziyyətdə qalanlar cərgəsindədir...
Dubayda hava məkanının vaxtaşırı bağlanması səbəbindən uçuşlar ləğv edilib və azərbaycanlıların ölkəyə qayıtması çətinləşib. Vətəndaşların sözlərinə görə, hazırda "FlyDubai" ilə olan uçuşların qiyməti 2000- 3000 manata qədər yüksəlib, halbuki əvvəllər 138–185 manat olub. Ancaq hətta bu qiymətə belə tapıb vətənə geri qayıtmaq mümkün deyil.
Hadisələrin ilk günündə Yaxın Şərqin bir neçə ölkəsindən 3-4 hava reysi ilə azərbaycanlıların evakuasiyası təşkil olunsa da, sonradan iş məlum olmayan səbəblərdən dayandırılıb.
Düzdür, dünən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ölkəmizə geri qayıdıb.

Ancaq Dubayda köməksiz qalmış vətəndaşlarımızdan əldə etdiyimiz məlumata görə, hazırda xeyli sayda azərbaycanlı təxliyə olunacağı günü gözləyirlər. Bir çoxunun pulu tükəndiyinə görə otellərdən çıxarılıb, küçələrdə, parklarda gecələməyə məcbur qalıblar. Bu vətəndaşlarımızın Dubaydan nə vaxt çıxaracaqları haqda isə onlara məlumat verən yoxdur.
Dünən XİN-dən verilən açıqlamada da bu məsələyə aydınlıq gətirilməyib. Sadəcə qeyd olunub ki, son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyimizin və Dubay şəhərindəki Baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib.
“Daha sonra vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb"- deyə, bildirilib.
Bəs Dubayda qalan digər vətəndaşlarımızın taleyi necə olacaq, buna aydınlıq gətirilmir.
Azərbaycanın Dubaydakı konsulluğundan da bu məsələ ilə bağlı açıqlama verilmir. Hətta daha təxliyənin olmayacağına dair iddialar var. Niyə olmayacaq – bu barədə hər hansı izahat yoxdur.
Azərbaycan hökumətinin də digər ölkələr kimi Omandan və yaxınlıqda yerləşən başqa ölkələrin hava limanları vasitəsilə köməksiz qalan vətəndaşlarını çıxarmaq imkanIarından niyə istifadə etməməsi sual doğurur.
Onu da xatırladaq ki, Azərbaycan İranda qalan əcnəbilərin təxliyəsi üçün ən etibarlı qapıdır. Avropa və bəzi Asiya ölkələri öz vətəndaşlarını məhz Azərbaycan sərhədindən keçirərək müharibə bölgəsindən çıxarıblar. Bu imkanı yaratdığına görə dövlətimizə minnətdarlıq edən tərəfdaşlarımızın sayı-hesabı yoxdur.
Bəs bu münasibət Dubayda qalan öz vətəndaşlarımıza niyə göstərilmir?
Paradoksal hal odur ki, işin texniki məsuliyyəti üzərində olan Azərbaycan Hava Yolları (AZAL) bu günlərdə Dubay və İranın raket zərbələrinin hədəfi olan başqa Yaxın Şərq ölkələrinə aviabiletlər satmaqda davam edir. Özü də qiymətlər əvvəlkinə nisbətdə 2-3 dəfə daha bahadır. Əgər münaqişə zonası ilə hava əlaqəsi risklidirsə, o zaman bilet satışı nə üçündür?
Vətəndaşlar bildirirlər ki, alıb istifadə edə bilmədikləri biletləri qaytararkən uzun süründürməçilik və bürokratik əngəllərlə üzləşirlər. Maraqlıdır, məqsəd nədir?
Ümid edək ki, AZAL bu suallara aydınlıq gətirəcək, müvafiq hökumət qurumları isə hər an dron və raket zərbəsinin hədəfinə çevrilmək təhlükəsi altında olan vətəndaşlarımızın da təxliyəsi ilə bağlı zəruri və təcili addımları atacaqlar.../azpolitika.info