“Vaqner” Voronejdə bütün hərbi obyektlərə nəzarəti ələ keçirdi - HƏRBÇİLƏR KÜTLƏVİ ŞƏKİLDƏ TƏSLİM OLUR / FOTO, VİDEO, YENİLƏNİR

“Vaqner” özəl hərbi şirkəti Voronejdə bütün hərbi obyektlərə nəzarəti ələ keçirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Reuters” Rusiya xüsusi xidmət orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Həmçinin Dobasdakı separatçıların rəhbəri İqor Girkin (Strelkov) da eyni məzmunlu məlumat verib.

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin nəzarətində olan “Telegram” kanalında isə bildirilib ki, ÖHŞ-nin hərbi kolonu Voroneji döyüşsüz ələ keçirib.

“Voronejdəki hərbi obyektlər “Vaqner” ÖHŞ-nin nəzarətindədir, ordu xalqın tərəfinə keçir”, - deyə məlumatda bildirilib.

Rusiya Müdafiə Nazirliyinin 180 hərbçisi Voronej vilayətinin Buqaevka sərhəd-keçid məntəqəsindən “Vaqner” muzdlularına təslim olub.

 Bu barədə isə Ukraynaya bağlı “Teleqram” kanalları məlumat yayıb.

Xatırladaq ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Rusiya Federasiyasının nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edib və “növbəti addım bizimkidir”, - deyə hədələyib.

Bundan sonra ÖHŞ-nin qoşunları Rostovu ələ keçirib, sonra Voronej vilayətinə daxil olublar. Zirehli texnika artıq Moskvaya doğru irəliləyir.

***10:56

“Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Voronej vilayəti hökumətinin “Telegram” kanalında məlumat verilib.

“Hərbi texnika karvanı M-4 “Don” federal magistral yolu ilə hərəkət edir. Biz Voronej vilayətinin bütün sakinlərindən M-4 “Don” federal magistralından və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik”, - deyə məlumatda deyilir.

Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz “Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib.