“İran istənilən dövlətin, o cümlədən də Ukraynanın ərazi bütövlüyünü tanıyır və müharibənin siyasi dialoq vasitəsilə başa çatdırılmasının vacibliyini qeyd edir”.
Bunu İranın XİN başçısı Hüseyn Abdullahiyan İRNA dövlət agentliyinə açıqlamasında bildirib.
Eyni zamanda, İranın XİN rəhbəri rəsmi Tehranın Rusiyadan narazılığını ifadə edib.
Nazir deyib ki, Rusiya İranın əleyhinə olan sənədə qol çəkib. Söhbət Fars körfəzinin Ərəb ölkələri Şurası ilə strateji dialoqa dair bəyannamədən gedir. İran hesab edir ki, Rusiyanın da imzaladığı həmin sənəddə İranın ərazi bütövlüyü təhdid olunur.
Belə ki, Hörmüz boğazındakı üç adanı İran öz ərazisi hesab etdiyi halda, Birləşmiş Ərəb ƏImirlikləri bu adalar ətrafındakı mübahisənin həlli təşəbbüsü ilə çıxış edib və bu məsələ bəyannamədə yer alıb. Rusiya isə həmin bəyannaməni imzalayıb.
“Rusiya səfirinin XİN-ə çağırılmasından sonra Rusiya tərəfinin izahatı təqdim edilsə də, bu, kifayət deyil”, - deyə Abdullahiyan bildirib.
Beləliklə, eyni bəyanatda bir tərəfdən Ukraynanın əırazi bütövlüyünə dəstək verməsi, digər yandan isə Rusiyaya ciddi narazılıq bildirməsi Tehranın Moskvadan “küsdüyünə” dair təsəvvür yaradır. Adətən, İran BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlarda Rusiyanın lehinə səs verən 3-4 ölkədən biri olur. İndi isə eyni münasibəti Rusiyadan gözləsə də, bunu görə bilmir.
Ümumilikdə isə Rusiyanın beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə münasibəti lap əvvəldən bəlli idi və bu, Ukrayna müharibəsində özünü bir daha göstərdi.
Ancaq bütün bunlara baxmayaraq, yəqin ki, İranın Moskvadan “küskünlüyü” davamlı və dərin ola bilməz. Çünki ən azından hər iki dövlətin başındakı “izqoy” rejimlər mahiyyət, məqsəd və tale baxımından bir-birinə çox bağlıdır./azpolitika.info