“Təcrübə göstərir ki, ruslar öz razılaşmalarına əməl etmirlər”
Ukraynanın danışıqlarda öz qırmızı cizgiləri var və rəsmi Kiyev qətiyyən onların tapdanmasına imkan verməyəcək.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa bunu “RBC-Ukrayna” nəşrinə müsahibəsində bildirib.
Nazir Kiyevin danışıqlarda 3 qırmızı cizgisinin olduğunu qeyd edib. Bunlardan birincisi odur ki, Kiyev öz ərazilərinin itirilməsini rəsmən tanımaq niyyətində deyil.
İkincisi, heç kim Ukraynaya bu və ya digər ittifaqda təmsil olunmağı qadağan edə bilməz. Bu sıraya Avropa İttifaqı və NATO da daxildir. Yəni, Ukrayna müstəqil dövlət kimi hansısa ittifaqa üzv olmaq hüququndan vaz keçmək niyyətində deyil.
Nəhayət, Kiyev üçün üçüncü qırmızı xətt Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasıdır: “Üçüncüsü, Ukraynanın müdafiə qabiliyyətinə, ordumuzun gücünə, imkanlarımıza heç bir məhdudiyyət ola bilməz!”.
XİN rəhbərinin sözlərinə görə, Ukraynada atəşkəsə nail olmaq çox mürəkkəb prosesdir, çünki ona necə nəzarət etmək və buna müşahidə etmək sualı yaranır.
Sibiqa xüsusilə də bunun müvəqqəti atəşkəs olduğunu vurğulayıb: “Bu, heç bir halda dondurulmuş münaqişə deyil, Amerika nümayəndə heyəti ilə birgə bəyanatımızda qeyd edildiyi kimi, 30 günlük müvəqqəti atəşkəsdir”.
Onun sözlərinə görə, Ukraynanın “Minsk prosesi” təcrübəsi göstərir ki, Rusiya Federasiyasından istənilən təxribatları gözləmək olar: “Təcrübə göstərir ki, ruslar öz razılaşmalarına əməl etmirlər və onların praktikası bu atəşkəsi dərhal pozmaqdır. Deməli, bizim həqiqətən də effektiv obyektiv nəzarət mexanizminə ehtiyacımız var. Şübhəsiz ki, bunun da beynəlxalq komponenti olmalıdır. Burada sual budur ki, bu cür monitorinqi kim həyata keçirə bilər, çünki təbii ki, milli komponent var, bu, bizim ərazimizdə baş veri. Ona görə də Ukrayna özü atəşkəs rejiminə əməl olunmasına nəzarət və monitorinqlə bağlı həlledici amildir”.
Nazir əlavə edib ki, Ukrayna artıq bu prosesin təmin edilməsi üçün komandanın formalaşmasına başlayıb: “Burada biz əlbəttə ki, son bir neçə il ərzində artırdığımız texniki imkanlarımızı nəzərə almalıyıq. Amma şübhəsiz ki, Rusiya tərəfində mümkün pozuntuların və təxribatların obyektiv qeydə alınmasını təmin etmək üçün beynəlxalq komponent olmalıdır… Ona görə də bu, bizim avropalı həmkarlarımızla, Amerika tərəfi ilə də müzakirə mövzusudur və biz indi bu məsləhətləşmələri aparırıq”./azpolitika.info