“Ukraynanı məğlub edə bilməsək, nüvə müharibəsi başlayacaq və...” - Putinin ideoloqundan sensasion açıqlamalar

“Üçüncü Dünya Müharibəsi başlayıb və biz indi bunun ilk mərhələsindəyik. Biz də heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. Rusiyaya hücum dünyanın məhvi deməkdir. NATO indiki siyasətini davam etdirsə, məhv olma günü qaçılmaz olacaq”.

Bunu Putinin ideoloqu kimi bilinən rusiyalı strateq Aleksandr Duqin öz müsahibəsində bildirib.

Duqin tərəflər arasında baş verən qarşıdurmanı, dünyanın hansı istiqamətə getdiyini və Türkiyənin müharibə qarşısındakı mövqeyini şərh edib.

“Hazırda qütblər arası müharibə gedir. Bu müharibə birqütblü dünya nizamı ilə Qərbin qorumağa çalışdığı çoxqütblü sistem arasındadır... Münaqişə xətləri Ukrayna, Fələstin və Tayvandır. Afrika və Cənubi Amerikada da yeni cəbhə açıla bilər. Biz yeni dünya nizamının formalaşma mərhələsindəyik. Bu proses qaynar münaqişələrə səhnə olur. Ən pisi isə odur ki, biz indi nüvə müharibəsi riski ilə üz-üzəyik. Rusiya şəhərlərinə hücumlar hər an nüvə müharibəsinə başlada bilər”,-deyə o qeyd edib.

Duqin əlavə edib ki, bu müharibədə təkcə taktiki nüvə silahları deyil, həm də strateji nüvə silahlarından istifadə olunacaq:“Əgər biz bu müharibədə Ukraynanı məğlub edə bilməsək, bu, birbaşa nüvə müharibəsinin başlaması demək olacaq. Biz bütün Ukrayna üzərində nəzarəti ələ alana qədər dayanmağı planlaşdırmırıq. Bundan sonra heç bir diplomatik həll bizə bu məqsədimizə çatmağımızda mane ola bilməz. Ona görə də bu gün Ukraynanı silahla təmin edənlər bilməlidirlər ki, onlar nüvə müharibəsi riskini artırırlar”.

Strateq əlavə edib ki, Rusiyadakı prezident seçkilərindən sonra Putin Türkiyəyə səfər edəcək: “Putinin Türkiyə səfəri təxirə salınıb, lakin bu, onun ləğv olunduğu anlamına gəlmir. Düşünürəm ki, bu səfər Rusiyadakı prezident seçkilərindən sonra baş tutacaq. Türkiyə neytral mövqe nümayiş etdirir. Ankara ilə əlaqələr bizim təhlükəsizliyimiz və strategiyamız üçün çox vacibdir. Türkiyənin bizim müttəfiqimiz olmaması pisdir, amma digər tərəfdən açıq şəkildə Qərb cəbhəsində olmaması da yaxşıdır”./azpolitika.info