Ukrayna ordusunun baş komandanı, general Valeri Zalujnı özünün sosial şəbəkə səhifəsində ABŞ-dən yeni alınmış ATACMS raketlərinin buraxılışını əks etdirən video paylaşıb.
Gecə lentə alınan görüntülərdəki raketlər işğal olunmuş Berdyanskdakı hərbi aerodromu hədəf alıb.
Məlumata görə, aerodromda Rusiya qoşunlarına aid bir neçə hərbi təyyarə, silah-sursat anbarı və xeyli sayda canlı qüvvə məhv edilib. Sosial şəbəkələrdə həmçinin, Berdyansk aerodromundakı güclü partlayışları əks etdirən videolar paylaşılıb.
Mütəxəssislər qeyd edirlər ki, ATACMS raketlərinin tətbiqi Ukrayna müharibəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki 300 kilometrə qədər atış məsafəsi olan bu raketlərin dağıdıcılıq qüvvəsi kifayət qədər yüksəkdir. Bu zaman HİMARS-ların savaşda yaratdığı dönüş xatırladılır və qeyd edilir ki, ATACMS-ların xarakteristikası daha yüksəkdir.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan ATACMS raketlərini aldıqlarını və artıq onlardan istifadə etdiklərini təsdiq edib: “Ukrayna üçün çalışan və döyüşənlərə təşəkkür. Kömək edənlərin hamısına təşəkkür. Bu gün isə Amerika Birləşmiş Ştatlarına xüsusi təşəkkür. Prezident Baydenlə bizim bütün razılaşmalarımız həyata keçirilir. Çox dəqiqliklə həyata keçirilir - ATACMS-lar özlərini yaxşı göstərdilər"./azpolitika.info