Müasir dünya siyasətində, xüsusilə də dünyanın hegemon dövləti olan ABŞ-də Tramp və trampizm hakimyyətə gələndən sonra “həm suçlu, həm güclü” prinsipi özünü daha çılpaq şəkildə göstərməyə başlayıb. Bu “siyasi dünyagörüşü” haqlı, lakin zəif olanlara şans tanımır.
Burada ya masanın ətrafında oturub söz sahibi, ya da masanın üzərinə qoyulub sövdələşmə aləti olursan. Belə görünür ki, Trampla Putin Zelenski üçün ikinci rolu seçiblər...
Lakin Trampın Zelenskini hədəf seçməsi üslubu olduqca qaba, kobud, mənəviyyatsız təsir bağışlayır və təkcə Zelenskiyə deyil, Ukraynaya qarşı təhqir və təhdid forması alır, həmçinin, bu xalqın uğrunda döyüşdüyü azadlıq, suverenlik və s. kimi dəyərləri tamamilə gözdən salır. Onun son paylaşımına fikir verin: "Bir düşünün, ortabab komik Volodimir Zelenski qələbəsi mümkün olmayan, başlamamalı olan müharibəyə qoşulmaq üçün ABŞ-ni 350 milyard(?) dollar xərcləməyə inandırdı. ABŞ Avropadan 200 milyard dollar(?) daha çox xərclədi, Avropanın pulları təminat altındadır, halbuki ABŞ bu pulları heç zaman geri almayacaq. Yuxulu Co Bayden niyə tarazlığı tələb etmədi, çünki bu müharibə Avropa üçün bizim üçün olduğundan qat-qat vacibdir — bizi böyük, gözəl bir okean ayırır.
Üstəlik, Zelenski bizim ona göndərdiyimiz pulların yarısının yoxa çıxdığını etiraf edir. O, seçkilərdən imtina edir, Ukraynadakı sorğularda çox aşağı reytinqi var(?) və onun yeganə uğuru Baydeni skripka kimi çalmaq olub(yəni, onunla maniplulyasi etmək). Seçkisiz diktator(?). Zelenski daha tez hərəkət etməlidir, yoxsa onun ölkəsi qalmayacaq.
Bu arada biz müharibəni dayandırmaq üçün Rusiya ilə uğurlu danışıqlar aparırıq, hamının etiraf etdiyi kimi bunu yalnız Tramp və Tramp administrasiyası edə bilər. Bayden heç vaxt cəhd etmədi, Avropa sülh gətirə bilmədi və Zelenski, yəqin ki, pul axınını qorumaq istəyir. Mən Ukraynanı sevirəm, amma Zelenski dəhşətli iş gördü, onun ölkəsi darmadağın oldu və milyonlarla(?) insan səbəbsiz öldü. Və bu, belə də davam edir…"
Göründüyü kimi, çoxlu təhriflər və təhdidlərlə dolu bir açıqlama. Özü də təkcə Zelenskiyə yox, həm də bütövlükdə Ukraynaya qarşı. Bunun ardınca isə Trampın Vitse-prezidenti Di Vens öz “boss”unu Koreya məmurları Kim Çen Inı tərifləyən kimi tərifləyib, ardınca da Zelenskini Trampın qarşısında iradə göstərdiyinə görə hədələyərək, onun “peşman olacağını” deyib.
Belə görünür ki, Səudiyyə Ərəbistanında Rusiyanın irəli sürdüyü tələblərdən biri Zelenskinin kənarlaşdırılmasıdır. Tramp da bu tələbi yerinə yetirməyə girişib. Həmçinin, Zelenskinin Trampın 500 milyard dollarlıq məlum təklifini rədd etməsi də onun “eqosuna” bərk toxunub...
Beləliklə də artıq Trampın Ukrayna və Rusiya ilə bağlı yürütdüyü siyasət, verdiyi bu cür məntiqdən kənar, qeyri-adekvat açıqlamalar bunun guya hansısa “hiyləgər plan”ın tərkib hissəsi olduğuna dair bütün iddiaları tam alt-üst edir. Bu, artıq açıq-aşkar prinsipsiz, mənəviyyatsız, narsist, demokratiya və digər dünyəvi prinsiplərə, beynəlxalq hüquqa tüpürən, hər cür konspiroloji nəzəriyyələrə haqq qazandıran eybəcər siyasət xarakteri alır. Ortada iki böyük dövlətin ən çirkin, miskin şəkildə büruzə verilən bazarlığı, sövdələşməsi gedir. Bu bazarlıqda nəinki Zelenski, Ukraynanın özü Tramp üçün alqı-satqı predmetidir.
Bəlkə də düşünmək olar ki, Tramp Zelenskini verib, Ukraynanı almaq istəyir. Lakin onun məlum dünyəvi prinsiplərə saymazyana münasibəti, bir xalqın, dövlətin taleyilə bu cür oynaması, onun əhalisinin seçiminə məhəl qoymaması, onu bazarlıq mal kimi alqı-satqıya çıxarması Trampın istənilən sövdələşməsinin Ukaryna üçün böyük təhlükələr yaradacağından xəbər verir...
Zelenskini ideallaşdırmaq fikrimiz yoxdur, onun da əksər ölkə başçıları kimi kifayət qədər səhvləri, yanlışları olub. Lakin dünyanın ən hegemon və amansız ordularından birinin işğalına məruz qalan bir dövlətə başçılıq etmək, onu 3 il ayaq üstə saxlamaq da asan deyil və bu yolda səhvlərin olması təbiidir. Əsas məsələ isə odur ki, Zelenski öz haqlı inadkarlığı ilə indiyə qədər dəfələrlə həm Putinin, həm də Trampın “quyruğunu tapdalayıb”. Putinə müharibə başlayandan sonra tabe olmadığını, sınmadığını, yenilmədiyini göstərib. Trampa da həmçinin. Onun da qarşısından qaçmır, “dövləti sata bilmərəm” deyir. Lakin Trampla Putini birləşdirən eyni cəhətlər var – özünə vurğunluq, siyasəti şəxsiləşdirmək və imperatorluq ədası, iddiası! Putində bu xəstəlik zatən 20 ilə yaxındır davam edir və bunu açıq şəkildə büruzə verir. Trampda isə ikinci dəfə hakimiyyətə gələndən sonra bu mərəz daha kəskin xarakter alıb. Ona görə son paylaşımında hətta özünü “kral” adlandırıb(ABŞ demokratiyası və dövlətçiliyi ənənəsinə, tarixinə, bu dövlətin qurulmasında misilsiz zəhməti olan tarixi şəxsiyyətlərin ruhuna bundan böyük təhqir, tüpürcək ola bilməz). Odur ki, nə Putin, nə də Tramp Zelenskiyə bu “dikbaşlığını” bağışlamaq fikrində deyil...
Qeyd edək ki, Avropa hər nə qədər miskin durumda görünsə də, Ukarynaya dəstəyini davam etdirməkdə, hətta artırmaqda qərarlı görünür. Amma təəssüf ki, bu dəstək Ukraynanı vəziyyətdən çıxarmaq üçün kifayət etməyə bilər...
Bununla yanaşı, Tramp və Putin əmindir ki, Ukraynada müharibə gedə-gedə, yaxud atəşkəsdən dərhal sonra seçki keçirilməsinə nail olsalar, Zelenskinin seçilməsinin qarşısını ala biləcəklər. Bunun üçünsə hətta onun fiziki məhvini belə göz altına aldıqlarını istisna etmək olmaz...
İndi əsas məsələ odur ki Ukrayna(Zelenski ilə, ya da onsuz) xalq, dövlət olaraq qorxmasın, öz iradəsini göstərsin. Dünyaya çox tramplar, putinlər gəlib və gedib, bunlar da gedəcək. Ukrayna xalqı isə qalacaq və bu xalq ən ümidsiz vəziyyətlərdə belə heç kimin gözləmədiyi şəkildə boy göstərməyi bacarıb, bu dəfə də bacaracaq.../azpolitika.info