Tel-Əvivə raket hücumu nəticəsində soydaşımız yaralandı

Tel-Əviv şəhərində baş verən partlayış zamanı Azərbaycanın Astara rayonundan olan qadın yaralanıb.

Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Məmmədova Tarifə Nəcimməddin qızı İranın İsrailə raket hücumları zamanı baş verən partlayış nəticəsində qolundan xəsarət alıb. 

Hadisə İranın İsrail ərazisinə hücumları zamanı Tel-Əvivdə qeydə alınıb.

Əslən Astara rayonundan olan Tarifə Məmmədova təxminən 18 ildir İsraildə yaşayır və İsrail vətəndaşlığına malikdir. İki uşaq anası olan həmyerlimizin hazırda vəziyyətinin sabit olduğu bildirilir.

Yaralanan qadın hazırda müalicə alır və vəziyyəti qənaətbəxş qiymətləndirilir. Bildirilir ki, o, imkan yaranacağı halda Azərbaycana qayıtmağı planlaşdırır və hazırda ölkəyə dönmək üçün uyğun şəraiti gözləyir.

Xatırladaq ki, martın 9-da Azərbaycan vətəndaşı Amid Murtuzov İsrailin Yehud şəhərinə endirilən zərbə nəticəsində həyatını itirib.