“ŞOYQU ÇİNİN AGENTİDİR...” – “Putin ona toxuna bilmir”

“Sergey Şoyqu hələ 90-cı illərdə Çinin əməkdaşlığa cəlb etdiyi agentdir. Bircə il də olmayıb ki, Şoyqu azı 10 dəfə Çinə səfər etməsin”.

Bunu rusiyalı müxalif siyasətçi Vyaçeslav Maltsev iddia edib.

Maltsev qeyd edib ki, Şoyqunun Çinlə sıx əlaqələrini Vladimir Putin də yaxşı bilir, lakin Çinin qorxusundan buna qarşı heç nə edə bilmir: “Şoyqu Si Tsinpini seçilməsilə bağlı ilk təbrik edən şəxsdir. Onun Si Tsinpinlə qeyri-rəsmi əlaqələri var və hər dəfə Çinə gedəndə onunla görüşür. Putin Şoyquya toxuna bilmir. Məncə bunu etmək istərdi, amma edə bilmir...”

Müxalifətçi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyindəki ətrafını Müdafiə Nazirliyinə daşıyan Şoyqu ordu rəhbərliyinə çoxlu sayda qeyri-peşəkarları cəlb edib. Öz məşuqələrinə və yaxın adamlarına nazirlikdə yüksək vəzifələr verib. Onlarsa ordunu talamaqla, korrupsiya ilə və peşəkar hərbçiləri sıradan çıxarmaqla məşğul olublar.

Müxalifətçi bildirib ki, ötən dövr ərzində, xüsusilə də müharibə dönəmində Şoyqu özünə çoxlu sayda düşmən qazanıb. Hətta o, hesab edir ki, Donbas separatçılarının sabiq lideri İqor Strelkov(Qirkin) məhz Şoyquya görə həbsə atılıb. Belə ki, Strelkov Şoyquya sui-qəsd hazırlamaq istəyib.

Maltsev qeyd edib ki, Şoyqunun düşmənləri istənilən an onu aradan götürməyə hazırdırlar. Xüsusilə Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi və desant qoşunlarındakı zabit heyəti Şoyquya nifrət edir: “Şoyqu Putinlə birgə bütün xüsusi bölmələri, desantları səngərlərə atıb. İndi Qirkin, Kvaçkov(Baş Kəşfiyyat İdarəsinin polkovniki-red.) kimi məğlubiyyətə görə Şoyqudan qisas almaq istəyənlər çoxdur”.

Qeyd edək ki, avqustun 23-də təyyarəsi partladılan “Vaqner” başçısı Yevgeni Priqojin də əsas düşməni kimi Şoyqunun adını çəkirdi. Hətta qiyam qaldırarkən də əsas tələbi Şoyqunun istefaya göndərilməsi idi. Lakin Putin hakimiyyətini itirmək ərəfəsində olsa belə, Şoyqunu istefaya göndərmədi.../azpolitika.info