"Gürcüstanda Axıska türklərinin sayı 2000 nəfərə yaxındır. Onlar Tbilisi, Qori, Batumi, Axalsike və digər bölgələrində yaşayırlar. Daha öncədən gələn Axıska türkləri üçün vətəndaşlıq və ayrıseçkilik problemi olmur. Amma son 10 il ərzində Gürcüstana köç etmiş Axıska türkləri Gürcüstanda vətəndaşlıq ala bilmir. Ona görə də bir çox Gürcüstan vətəndaşının sahib olduğu haqlardan məhrum olublar".
Bu fikirləri Azərbaycanda yaşayan Axıska Türklərinin "Vətən" İctimai Birliyinin sədr müavini Mövlud Işık sentyabrın 2-də Tbilisidə keçirilən Beynəlxalq Gənclər Forumunun "Mədəni diplomatiya" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Gürcüstan səfəri zamanı Axıska türkləri ilə keçirdiyi görüşlər zamanı da ən çox səslənən şikayətlər vətəndaşılığın verilməməsi ilə bağlı olub: “Səbəb kimi isə Azərbaycan vətəndaşlığından çıxmadıqları göstərilir. Onlar isə Azərbaycan vətəndaşlığından çıxmaq istəmirlər. Çünki, Azərbaycanda Axıska türklərinə diqqət və qayğı olduqca yüksəkdir. Hələ 1958 və 1989-cu illərdə Azərbaycana gələn Axıska türkləri hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısında olub. Ümummilli Lider Heydər Əliyev Saatlı rayonuna və digər bölgələrə səfəri zamanı Axıska türkləri ilə görüşüb öz diqqətini göstərib. Axıska türkləri də təbii ki, özlərini Azərbaycanın vətəndaşları olaraq, buranı öz vətənləri bilib və 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşıb və canlarından keçiblər".
M.Işık çıxışında həmçinin Axıska türklərinin kimliyi və hansı ölkədə nə qədər Axıska türkünün yaşadıqları barədə məlumat verib./report