SOCAR minlərlə insanı işsiz qoyub – RAYONLARDA YDM-LƏR BAĞLANIR...

Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb?

Bir aydan artıqdır ki, “SOCAR Petroleum” şirkətinin bazasından rayonlara yanacaq verilmir. Bunu “Hürriyyət”ə müraciət edən sahibkarlar iddia edirlər. Onlar bildirirlər ki, bir aydır heç bir rayonun bazasında yanacaq yoxdur. Bunun səbəbini öyrənmək istəsələr də, SOCAR-dan heç bir cavab ala bilməyiblər.

Yanacaq doldurma məntəqələrinin (YDM) sahibləri deyir ki, “SOCAR Petroleum”un yaratdığı süni problem səbəbindən, son bir ay ərzində yanacağı Bakıdan daşımağa məcbur olublar. “Bu da əlavə xərclə yanaşı, çox böyük zülmdür. Ona görə ki, Bakıya gecə saat 12-dən tez yük maşını ilə girmək olmaz, səhər saat 5-ə kimi isə tərk etməlisən”, - deyən sahibkarların sözlərinə görə, hazırda Bakıdan Gəncəyə bir maşın yanacağın daşınma xərci 800 manat, Qazaxa isə 1000 manatdır. Hər maşın təxminən 30 ton yanacaq daşıyırsa, bu, hər litrə görə əlavə 3,3 qəpik məsrəf artımı deməkdir.

YDM rəhbərləri deyir ki, Bakıdan rayonlara yanacaq daşımaq əlavə xərc olmaqla yanaşı, həm də ciddi təhlükədir: “Gün ərzində 1200-1500 maşın Bakıdan - SOCAR-ın neft bazasından yanacaq doldurub, regionlara gəlməlidir. Bilirsiniz ki, bir neçə gün əvvəl Ucarda maşının biri partladı. Bu maşın Bakının mərkəzində partlasa nə olardı? Şübhəsiz, bu zaman yüzlərlə adam ölə bilərdi. Belə olan halda, bütün regionları Bakıya getməyə məcbur etmək kimə lazımdır?”.

Üstəlik, sahibkarlar haqlı olaraq sual edirlər ki, əgər yanacağı Bakıdan daşımalı olacaqlarsa, o zaman regiondakı bazalar kimə lazımdır:  “Bu işçiləri niyə saxlayırlar? Bu, çox gülünc bir haldır. SOCAR-ın yeni prezidenti bunu niyə edir, biz başa düşə bilmirik. Axı, biz uzun illərdir rayonlardakı bazalardan yanacaq götürərək satıb, dövlətin vergisini də vermişik. İndi bu “yenilik” anlaşılan deyil”.

Şikayətçilər onu da da deyir ki, “SOCAR Petroleum” şirkətinin bu qərarı Bakıda əlavə sıxlıq yaradır: “Deyirlər ki, Bakıda sıxlığı azaldaq. Ağır tonajlı, təhlükə mənbəyi olan, 30-50 ton yük daşıyan maşınların Bakıya girib-çıxması nə deməkdir? Bu təhlükə deyilmi? “SOCAR Petroleum” şirkətinin rəhbərliyi nə fikirləşir, biz bilmirik. Sizdən xahiş edirik ki, bu problemi işaqlandırın, yanacaq regionlara gəlsin, sahibkarlar da bazalardan götürüb satsın”.

Sahibkarlar hesab edir ki, SOCAR rəhbərliyinin bu qərarının iki məqsədi ola bilər: “Ya SOCAR çox qazanmaq, ya da bizim kimi xırda sahibkarları aradan çıxarmaq istəyir ki, özünə əlavə yanacaq doldurma məntəqələri açsın. Təsadüfi deyil ki, son bir ay ərzində gündə 2-3 ton yanacaq satan YDM-lər artıq bağlanır, sahiblkarlar, işçilər işsiz qalır. Şübhəsiz, bu insanlar da dövlətdən, ölkə rəhbərliyindən narazı qalır. Yəni bir məmurun şıltaqlığı nəticəsində yüzlərlə, minlərlə adam işsız, ailəsi çörəksiz qalır”.

Redaksiyadan: “SOCAR Petroleum” şirkətinin məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.