Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsəsinin dövlətin işlərinə qarışmasının yolverilməz olduğunu bəyan edib.
Stopnarkotik.az xəbər verir ki, məktəblilərlə görüşdə iştirak edən Paşinyan kilsənin fəaliyyətilə bağlı suala cavab verərkən dinin dövlətin işlərinə qarışmasını olduqca təhlükəli hesab etdiyini söyləyib.
Hazırkı erməni kilsəsi rəhbərliyilə hökumət arasında ziddiyyətləri gizlətməyən Paşinyan din xadimlərinin ünvanına “tikanlı” ifadələr də işlədib.
Məsələn, o, deyib ki, kilsə rəhbərliyi öz istifadəsi üçün lazım olan məhsulların gömrük rüsumundan azad olunmasını tələb edir, ancaq hökumət buna qarşıdır: “O zaman biz deyirik ki, çox yaxşı. Elədirsə, siz də şamları pulla satmayın...” Paşinyan deyib ki, əgər kilsə xeyriyyəçiliklə məşğul olursa, nəyisə pulla satmamalıdır, bağışlamalıdır.
Baş nazir bildirib ki, dövlətlə kilsə arasında münasibətlər yalnız qanunlara söykənməlidir. Paşinyan əlavə edib ki, kilsə nədənsə narazıdırsa və siyasətlə məşğul olmaq istəyirsə, siyasi partiya yaratsın. Erməni qanunvericiliyi buna imkan verir: “Ancaq kilsə dövlətdən üstün ola bilməz”./azpolitika.info