Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb.
Stopnarkotik.az xəbər verir ki, videozəng Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.
Telefon danışığı zamanı A.Bəbirov yaxşı olduğunu deyib.
“Hər şey qaydasındadır. Gələcəyəm. Ana, sən ağlasan, mən burada narahat oluram. Mən yaxşıyam, narahat olmayın”, - deyə əsir hərbçimiz bildirib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.