RUSİYAYA ARDICIL PUA HÜCUMLARI… - Ukrayna hərbi strategiyanı dəyişir…

Bu gecə Ukrayna Təhlükəsizlik Xidməti pilotsuz təyyarələrlə Rusiyanın üç neft emalı zavoduna eyni anda hücum edib - təkcə Ryazanda deyil, həm də Kstovoda (Nijni Novqorod vilayəti) və Kirişində (Leninqrad vilayəti).

Bu barədə “BBC Ukrayna Xidməti” hüquq-mühafizə orqanlarındakı mənbəyi istinadən açıqlama yayıb.

“Biz sistematik olaraq Rusiyanın iqtisadi potensialını azaltmaq üçün ətraflı strategiya həyata keçiririk. Bizim vəzifəmiz düşməni resurslardan məhrum etmək və Rusiyanın müharibəyə göndərdiyi neft pulları və yanacaq axınını azaltmaqdır”, - deyən mənbə bu gün hücuma məruz qalan zavodların Rusiyada ilk 5 ən böyük zavod arasında olduğunu bildirib.

Ryazan vilayətinin səlahiyyətliləri daha əvvəl bildirmişdilər ki, çərşənbə günü səhər saat 7 radələrində Ryazandakı zavod PUA-nın hücumuna məruz qalıb və yanğın başlayıb. Dörd saatdan sonra yanğının söndürüldüyü açıqlanıb.

Çərşənbə günü səhər Leninqrad vilayətinin qubernatoru bildirib ki, pilotsuz təyyarə Kirişi şəhəri yaxınlığındakı neft emalı zavoduna hücum etməyə cəhd edib. Lakin, Rusiya səlahiyyətlilərinə görə, pilotsuz təyyarə vurulub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə və səhər saatlarında Rusiyanın regionları üzərində 60-dan çox pilotsuz təyyarə məhv edilib.