“The Wall Street Journal” qəzetinin əməkdaşı Evan Qerşkoviçin həbsində iştirak edən Fedreral Təhlükəsizlik XidmətinIn (FTX) Əks-kəşfiyyat əməliyyatları departamenti (DKRO) əcnəbilərin izlənilməsi barədə şəxsən Rusiya Prezidenti Vladimir Putinə məlumat verir.
Bu barədə ABŞ və Avropanın yüksək rütbəli diplomatlarına, habelə Rusiyada həbsdə olmuş Amerika vətəndaşları və rusiyalı jurnalistlərlə danışan “The Wall Street Journal” (WSJ) qəzeti yazır.
Nəşrin məlumatına görə, DKRO amerikalı diplomatları izləyir. Kəşfiyyatçılar xüsusi olaraq qəsdən nəzarət etdikləri obyektlərə izləndiklərini hiss etdirməyə çalışırlar. Məsələn, tualetin üstünə siqaret kötüyü şəklində “dinləmə qurğusu” qoyur, diplomatların yoxa çıxmış kitab şkafları və itkin zinət əşyalarını onlara göstərirlər.
Bundan əlavə, nəşr DKRO əməkdaşlarının səfirlik işçilərinin evlərinə, eləcə də Vaşinqtondan olan adı açıqlanmayan yüksək vəzifəli məmurun çamadanına nəcis qoyması ilə bağlı bir neçə hadisə barədə məlumat verir.
WSJ xəbər verir ki, ABŞ rəsmiləri Vaşinqtonun Rusiyaya təyin etdiyi yeni səfir Lin Treysinin rəsmi vəzifəsinə başlamasının ilk günü səfirlikdə gecə elektrik kəsintilərinin DKRO tərəfindən həyata keçirilməsindən şübhələnirlər. Səfirliyin avtomobilinin alçaqdan uçan helikopterlə təqib edildiyi də bildirilir. Jurnalistlərin sözlərinə görə, diplomatlardan birinin həyat yoldaşı dron tərəfindən təqib edilib və onun maşınına Z hərfi yapışdırılıb. Amerika rəsmiləri bunun arxasında DKRO-nun olduğunu düşünürlər.
Nəşrin yazdığına görə, Putin Qərb mediası jurnalistlərinin izlənilməsi barədə şəxsən məlumatlanmağı xoşlayır. Gerşkoviç həbs olunan zaman Rusiya Prezidenti FTX-dan informasiyalar alıb. DKRO WSJ əməkdaşından başqa, amerikalı keçmiş dəniz piyadaları Pol Uilan və Trevor Ridin də həbsində iştirak edib.
Nəşrin məlumatına görə, Rusiyaya gedən amerikalı diplomatlar “Moskva qaydaları” adlı xüsusi təlim keçirlər. Onlar DKRO-dan gizlənmək üçün hazırlanırlar. WSJ-nin həmsöhbətləri vacib qaydalardan birinin "təsadüflər yoxdur" kimi səsləndiyini iddia edirlər./azpolitika.info