RUSİYA ORDUSUNDA KİMLƏR DÖYÜŞÜR? – Əsir mübadiləsindən ilginc görüntülər / VİDEO

Məlum olduğu kimi, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə təkcə özünün peşəkar hərbçilərini deyil, həbsxanalardan topladığı məhbusları da cəlb edib. Onların arasında bir neçə nəfəri qətlə yetirən, ağır cinayətlər törədən residivistlərdən tutmuş oğrulara, narkotik alverçilərinə qədər müxtəlif əməl sahibləri var. Vladimir Putin öz fərmanları ilə həmin şəxsləri cinayət məsuliyyətindən azad edərək, Ukrayna ilə müharibəyə göndərir. Lakin onların heç də hamısı “qəhrəman” adı alaraq, Rusiyaya qayıda və əvvəlki cinayətlərini təkrarlaya bilmirlər. Həmin məhbusların böyük əksəriyyəti ya döyüş meydanında ölür, ya da əsir düşürlər.

Tanınmış ukraynalı jurnalist Yuri Butusov Ukrayna ilə Rusiya arasındakı son hərbi əsir mübadiləsi ilə bağlı maraqlı video paylaşıb. Bu videodakı sifətlər hazırkı Rusiya ordusunun simasını göstərir. Orada Rusiyaya təhvil verilən bir avtobus rusiyalı əsirin tamamilə cinayətkarlardan ibarət olduğu görünür və həmin şəxslər kameraya danışaraq, keçmişdə hansı maddələr üzrə ittiham olunduqlarını etiraf edirlər.

Bu zaman məlum olur ki, onların arasında iki və daha çox şəxsi qətlə yetirən silsilə qatildən narkotik alverçisinə qədər bütün “peşə sahibləri” var. Ukrayna bu adamları yenidən Rusiyaya qaytarır, yəni, Rusiya öz “qəhrəmanlarına” qovuşur...

Bir daha xatırladaq ki, Ukraynaya qarşı vuruşan məhkumlar “döyüş meydanında öz günahlarını qanla yuduqları üçün” Rusiya Prezidenti tərəfindən əfv olunurlar. Ancaq onu da qeyd edək ki, bu ilin avqust ayında Rusiyanın Kareliya diyarında Ukrayna müharibəsindən qayıdan məhbus dostu ilə birgə 6 nəfəri qətlə yetirib. Krasnoyarskda isə Ukraynadan qayıdan daha bir keçmiş məhbus və Rusiya “qəhrəmanı” iki qadını diri-diri yandırıb. Və bu cür nümunələrin sayı-hesabı yoxdur./azpolitika.info