"Rusiya NATO-ya müharibə elan edə bilər” - MEDVEDEV

“Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsi Moskvanın NATO-ya qarşı hərəkət etməsinə imkan yaradır”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, bu, Rusiyaya Alyansın istənilən ölkəsinə və bütövlükdə NATO-ya qarşı müharibə elan etməyə imkan verir: “Təəssüf ki, apokalipsislə bağlı proqnozlar getdikcə özünü doğruldur”.

Qeyd edək ki, D.Medvedev daha əvvəl Qərbi və Ukraynanı nüvə silahının tətbiqi ilə hədələmişdi.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyulundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.