“Rusiya bizə Azərbaycanla sülh bağlamağa imkan verməyəcək...” - Qaqik Melkonyan

“Rusiya yenə diktə edən rolunda olmaq istəyir, biz isə qul statusu qazanmışıq”

Ermənistanın indiki hakimiyyəti ilə Kreml arasındakı soyuqluq və gərginlik günbəgün artmaqdadır. Bir çox hallarda Baş nazir Nikol Paşinyanın öz vəzifəsindən irəli gələrək Rusiya hakimiyyətinin ünvanına deyə bilmədiklərini onun ətrafındakı məmurlar, nazirlər və hakim partiyanın deputatları deyirlər.

Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki təmsilçisi Qaqik Melkonyan yerli mətbuata açıqalmasında Kremlin ünvanına kəskin ittihamlar səsləndirib .

O deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini əngəlləyən əsas dövlətdir: “Rusiya bizə Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək. Ondan ötrü ki, Moskva Cənubi Qafqazda mövqeyini qoruyub saxlasın. Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Zəngəzur dəhlizini istəyir. Mariya Zaxarova bildirir ki, noyabrın 9-dakı razılaşmaya əsasən ruslar Zəngəzur yoluna nəzarət etməlidir. Yəni, onlar 9 noyabr razılaşmasının bir bəndini də yerinə yetirmədilər... Gəlib bu ərazidə dayanmaq istəyirlər. Niyə? Biz öz yollarımızın təhlükəsizliyini özümüztəmin edə bilmirik?”

Melkonyan deyib ki, Ermənistan artıq Rusiyaya heç nəyi etibar edə bilməz: “İndi də Zəngəzuru istəyirlər. Bəs onlara Zəngəzuru kim etibar edəcək? Rusiya yenidən diktə edən qüvvə rolunda olmaq istəyir, biz isə qul statusu qazanmışıq”.

Onun sözlərinə görə, Ermənistan artıq başa düşüb ki, Rusiyaya alternativ axtarmaq lazımdır və o, artıq İrəvan üçün tapılıb. “Artıq bir çox ölkələrlə, hətta silahlarla bağlı olan müqavilələrimiz var. Bu isə onların (Rusiyanın-red.) xoşuna gəlmir. Daim Qərbi tənqid edirlər...”

Xatırladaq ki, Moskvanın dominantlıq etdiyi KTMT hərbi blokundan uzaqlaşmaqda olan Paşinyan hakimiyyəti Fransa və Hindistanla silah müqavilələri bağlayıb. Belə görünür ki, Rusiya zəiflədiyi üçün özünə yeni ağa tapan İrəvan mövcudluğuna görə borclu olduğu Moskvadan birdəfəlik “ayrılmaq” istəyir./azpolitika.info