"Bu müharibədə Qəzzadakı əvvəlki bütün qarşıdurmalarla müqayisədə daha çox günahsız insan həyatını itirdi. Əksəriyyəti HƏMAS üzvü olmayan 30 mindən çox fələstinli mülki şəxs öldürüldü".
Bunu ABŞ Prezidenti Co Bayden Konqresdə çıxışı zamanı deyib.
Bayden çıxışının Qəzza ilə bağlı hissəsində "İsrail Holokostdan sonra ən qanlı gününü yaşadı" deyərək 7 oktyabr-HƏMAS hücumundan bəhs edib və "İsrailin HƏMAS-ı sona qədər təqib etmək hüququ var" sözləri ilə müttəfiq olduğu dövləti müdafiə edib.
Digər tərəfdən, İsrailin bu hücumlar zamanı mülki insanları hədəf almamaq kimi bir məsuliyyət daşıdığını qeyd edən Bayden, Qəzzada minlərlə qadın və uşağın öldürüldüyünü vurğulayıb.
Bayden Qəzzaya göndərilən humanitar yardımlardan da danışıb: "Dəniz yolu ilə Qəzzaya daha böyük miqdarda humanitar yardım daxil olacaq. Buradakı liman hər gün böyük miqdarda humanitar yardımın Qəzzaya daxil olmasına imkan yaradacaq, lakin İsrail də üzərinə düşəni etməlidir. İsrail daha çox humanitar yardımın Qəzzaya daxil olmasına icazə verməli və humanitar işçilərin atəşə məruz qalmamasına əmin olmalıdır".
Bayden həmçinin bir daha bəyan edib ki, İsrail-Fələstin probleminin yeganə daimi siyasi həlli iki dövlətli həlldir./azpolitika.info