Qohumu və arvadı ilə birlikdə 84 yaşlı kişini öldürdü - Bakıdakı dəhşətli qətlin təfərrüatı

Bakıda 84 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Zabil Məmmədov, qohumu İlyas Məmmədov və arvadı Ceyhunə Qurbanovanın cinayət işi üzrə təfərrüatlar məlum olub.

Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş ZabilMəmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

İş üzrə dindirilmiş Zabil Məmmədov bildirib ki, kriminal aləmdə "Tank" ləqəbi ilə tanınır. Bu ləqəbi ona cavan yaşlarında veriblər. 

2013-cü ildən Ceyhunə Qurbanova ilə rəsmi nigahı olmadan yaşayıb. 70-ci illərdə atası özünə məxsus evlərdən birini və "Qanlı Göl"ün ətrafında mal-qara saxlamaq üçün torpaq sahəsini təmənnasız həmkəndlisi Məmməd Səmədova verib. 

Zabil uzun illər cəzaçəkmə müəssəsində olduğundan həmin torpaqlarla maraqlanmağa imkanı olmayb. 2013-cü ildə azadlığa çıxandan sonra o, Məmmədi tapıb atasının verdiyi torpağın ya bir hissəsini ona geri verməsini, yada onunla halallaşmasını deyib. Səmədov ona pul verəcəyinə söz verib. Zabil həmin məbləğə Xaçmaz rayonunda torpaq və ya ev almaq fikrində olub. Lakin bir müddətdən sonra o, Məmmədin torpağı sataraq başqa yerə köçdüyünü eşidib. Tanıdğı və adını çəkmək istəmədiyi şəxslər vasitəsi ilə Səmədovun Yasamal rayonunda yaşadığını dəqiqləşdirib.

Mayın 4-ü saat 20:00 radələrində Məmmədlə söhbət etmək üçün qohumu İlyas və Ceyhunə ilə birlikdə takis ilə onun evinin qarşısına gəliblər. Ceygunəyə bina ilə üzbəüz məktəbin qabağında dayanmağı tapşırıb. Özü İlyasla yuxarı qalxıb. Səmədov qapını açan kimi onun qolundan tutub yataq otağına aparıb. İlyasa dəhlizdə dayanmasını deyib. 

Məmməd əvvəlki vədindən fərqli olaraq ona pul vermək fikrində olmadığını bildirib. Bundan əsəbləşən Zabil Məmmədin sifətinə şillə vurub. Zərbənin təsirindən ev sahibi yıxılıb və başı divanın yanındakı stula dəyib. Zabil yataq otağına keçərək şkafın içindəki paltarları və əşyaları yerə atıb. Güya oğurluq görüntüsü yaratmaq istəyib. Pul götürmək fikri olmayıb. 

Zabil Məmmədov bildirib ki, Məmmədin əlini və ayaqlarını özü əski parçası ilə bağlayıb. Açıq rəngli şalvarı onun başına keçirib. Bunu ona görə edib ki, evdən gedənədək Məmmədin səsi çıxmasın.

Mənzili axtararkən divanın altındakı qutudan 3 ədəd 100 manatlı əskinazlar və məhumun barmağında qızıl üzük görsədə onları götürməyib. Mərhumun ciblərinə baxmayıb. Evdən çıxarkən Səmədov sağ olub. Lakin ağzı bağlı olduğundan danışa bilməyib. Qapını arxadan bağlayıb açarı blokda tullayıb. Mayın 6-da saxlanılarkən Məmmədin öldüyünü bilib.

Saxlanılan İlyas Məmmədov ifadəsində bildirib ki, Məmməd Səmədovun evinə getməkdə məqsədləri sonuncudan əmisinin satdığı torpağın pulunu almaq olub. Onlar evdəb hər hansı qiymətli əşya və pul götürməyiblər. 

Ceyhinə qurbanovanın sözlərinə görə Zabillə münasibətləri yarandıqdan sonra o, ilk 3 ayı Yasamal rayonunda onun evində yaşayıb. Sonra Nəsimi rayonunda kirayə ev tapıb ora köçüblər.

Mayın 4-də onlar birlikdə bloka daxil olublar. Qapını o, döyüb. Kişi qapını açan kimi İlyas onu itəliyərək otağa salıb. İlyasın dalınca evə Zabil sonra isə Ceyhunə girib. O, qapını bağlayıb və dəhlizdə gözləyib. İlyasın ev sahibini necə tutduğunu görməsə də, sonuncunun xırıltısını eşidib. Zabil İlyasa kişinin boğulmaması üçün adyalı yavaş sıxmasını tapşırıb. Səmədovun öldüyünü polis bölməsinə gətirilərkən bilib. 

Məhkəmə prosesində Zabil Məmmədov, İlyas Məmmədov və Ceyhunə Qurbanova ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.

Zərərçəkmiş şəxs məhkəmədən təqsirlənirilən şəxslərə ən ağır cəza təyin edilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Zabil Məmmədov 18 il, qohumu İlyas Məmmədov 17 il, arvadı Ceyhunə Qurbanova isə 16 il azdlıqdan məhrum olunublar. /olke.az