Qırğızıstanda tutulan 5 azərbaycanlı barədə DİN-dən AÇIQLAMA

"Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib".

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib:

"Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində yeri müəyyən edilib və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər”.