Liviyanın mərhum lideri Müəmmər Qəddafinin yeddi ildən artıqdır ki, Livanda həbsdə olan oğlu Hannibal Qəddafi məhkəmə qərarı olmadan saxlanmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Bunu onun vəkili Paul Romanos “Associated Press”ə bildirib.
Hannibal Qəddafi 2015-ci ildən siyasi qaçqın kimi yaşadığı qonşu Suriyadan qaçırıldıqdan sonra Livanda saxlanılıb. O, 45 il əvvəl Liviyada itkin düşən şiə ruhanisi Musa əs-Sədrin taleyi ilə bağlı məlumat tələb edən Livan yaraqlıları tərəfindən qaçırılıb.
Daha sonra Qəddafi Livan hakimiyyəti tərəfindən saxlanılıb, məhkəmə və istintaq olmadan Beyrut həbsxanasında tutulur.
Qəddafi həbsdə saxlanma şəraiti ilə bağlı açıqlama yayıb. “Siyasi məhbusu bütün bu illər ərzində ədalətli mühakimə olmadan necə saxlaya bilərsiniz?”, - deyə o bildirib.
Vəkil Paul Romanos vurğulayıb ki, müvəkkili uzun illər hərəkət və idman edə bilməyən dar kamerada saxlandığı üçün bel ağrısından əziyyət çəkir.