QAZAXISTANDA BEYNƏLXALQ NARKOTİK ŞƏBƏKƏSİNƏ BÖYÜK ZƏRBƏ! - Saxlanılanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda xüsusi prokurorlar irimiqyaslı narkotik qaçaqmalçılığı ilə bağlı səs-küylü cinayət işi üzrə istintaqı başa çatdırıblar.

Stopnarkotik.az RedMedia.kz saytına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının birgə səyləri nəticəsində ABŞ-la əlaqəli işləyən beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi ifşa edilib.

İstintaq müəyyən edib ki, Qazaxıstan cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus ABŞ-dan Almatıya narkotik qaçaqmalçılığı şəbəkəsi təşkil edib. Ölkəyə marixuana və kannabis ekstraktı olan maddələr adi poçt bağlamaları kimi gətirilib.

Saxlanılan şəxslər arasında cinayətkar şəbəkəni idarə edənlərlə yanaşı, narkotikin satıcıları və qadağan olunmuş maddələrin qablaşdırılmasında iştirak edənlər də var. 

"Jetisu" gömrük postunda ümumi çəkisi 43 kiloqram olan iyirmi beş ədəd bağlama müsadirə edilib. İçərisi narkotik maddələrlə dolu olan bağlamaların hamısı sübut kimi istintaq orqanlarına təqdim edilib.

Onu da qeyd edək ki, narkotik əməliyyatı zamanı iki nəfər milli təhlükəsizlik əməkdaşı və Qazaxıstan Daxili İşlər Nazirliyinin Cəza Sistemi Departamentinin üç əməkdaşı da daxil olmaqla, ümumilikdə 20 şübhəli saxlanılıb. Müstəntiqlərin sözlərinə görə, sözügedən vəzifəli şəxslər cinayətkar qrupun fəaliyyətini qoruyub və qaçaqmalçılıq bağlamalarının ölkəyə maneəsiz keçidini təmin ediblər.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıq, narkotik ticarəti və vəzifə səlahiyyətlərini pozmaqda ittiham olunublar.

Ölkəyə narkotik daşınması sxeminin təşkilatçıları və iştirakçıları daşınmaz əmlak, torpaq və nəqliyyat vasitələri əldə etməklə də qanunsuz gəlirlərinin mənşəyini gizlətməyə çalışıblar.

Məhkəmənin qərarı ilə onlara məxsus beş mənzil, üç bina, 10 torpaq sahəsi və 44 nəqliyyat vasitəsi müsadirə edilib.

30 sentyabrda cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Stopnarkotik.az