Beynəlxaql siyasi icmalçılar Rusiyanın Ukraynaya təcavüzünü əsasən Rusiyanın yenidən imperiyaya dönüşmək arzusu ilə izah edirlər.Belə hesab olunur ki, Vladimir Putin və ətrafı bunun həyata keçirilməsinin mümükünlüyünə tam əmindirlər...
Bəs indiyə qədər Suriyada hər şeyi öz xerinə həll etdiyinə inanan Kreml rəhbərliyi görəsən hazırda orada baş verənləri necə təhlil edir? Onlar Ukrayna ətrafında baş verən geosiyasi qarşıdurmanın Rusiya üçün sonluğunun Suriyadakı kimi olmayacağına əmindirlərmi?
Rusiya rəhbərliyi Suriya siyasətinin fiaskoya uğramasını təbliğat səs-küyü vasitəsilə ört-basdır etməyə başlayıb və belə düşünülür ki, bir müddətdən sonra hər şey yaddan çıxacaq.
Lakin burada söhbət təkcə Rusiya cəmiyyətinin nə fikirləşməsindən getmir. Onsuz da artıq bu ölkədə cəmiyyətin yalnız “quru sümüyü” qalıb və Kreml daxildə kimsəyə hesabat vermir. Söhbət ümumilikdə Suriyadakı siyasətdən düzgün nəticə çıxarılmasından gedir. Lakin hələlik Kremldə belə bir nəticənin çıxarılmasına dair hər hansı əlamət yoxdur...
Hələ ki, iqtisadi tənəzzülə və böyük itkilərə baxmayaraq, Rusiya Ukraynada müharibəni davam etdirməyə köklənib. Moskvanın bu müharibədə bundan sonra nə qədər insan itirəcəyini söyləmək çətindir və belə görünür ki, Rusiya rəhbərliyi istənilən nəticənin alınmasının vacibliyi arqumentinə söykənərək əlavə daha 1 milyon rus əsgərinin ölməsini problem saymır.
Ümumiyyətlə, Rusiyanın apardğı geosiyasi mübarizə rasional zəmin üzərində qurulmadığı üçün onun standart üsullarla təhlili olduqca çətindir. Ancaq hər halda, iki məqam üzərində dayanmaq olar.
Birincisi, Rusiya Prezidenti Vladimir Putin xəyalında canlandırığı Rusiyanı Ukraynasız təsəvvür etmədiyi üçün bu ölkəni işğal etmək niyyətindədir. Bu, mümkündürmü?
Putin çıxışlarında Ukraynaya qarşı münasibətin yalnız təhlükəsizliklə və ölkənin milli maraqları ilə əlaqəli olduğunu bildirir. Ümumiyyətlə, Rusiyanın Ukraynaya olan aqressiv münasibətini təkcə Putinin şəxsiyyəti və ya istəyi ilə bağlamaq yanlış olardı. Bəli, Putin ölkə rəhəbəridir və Rusiyada hakimiyyətin ən yüksək zirvəsində dayanan adamdır. Hətta ona “Rusiya çarı” da deyə bilərik. Rusiya artıq 500 ilə yaxındır ki, daim ətrafına qarşı təcavüzkar siyasət yürüdüb və məhz işğallar nəticəsində böyük ərazilərə sahib olub.
Tarixin dərinliyinə girmədən deyə bilərik ki, Rusiya heç zaman dinc duramayıb. Hələ SSRİ-nin sakit dövründə belə gedib Əfqanıstana soxulmuşdu. Təcavüzkar siyasət Rusiyanın daxili möhtəviyyatından qaynaqlanır və ona görə də bu dövlət irrasional davranır. Bəllidir ki, Kreml özü üçün həyati vacib məkan hesab etdiyi ərazilərin əldən çıxmasını qəbul etmək istəmir və Baltik ölkələrini çıxmaq şərti ilə yerdə qalan bütün keçmiş sovet respublikalarını öz siyasi təsir orbitində tutmağa çalışır. Finlandiya və İsveçin NATO-ya qəbulundan sonra Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov demişdi ki, Ukrayna ilə Finlandiyanı qarışdırmayın, onların NATO-ya qəbulunu Ukraynanın alyansa üzv olması ilə eyniləşdirməyin.
İkincisi, ABŞ Rusiyanı öz geosiyasi məqsdələri üçün istifadə edir. Bəlkə də bu, ilk baxışdan görünmür. Lakin hadisələrin xronoloji ardıcıllığına daha müfəssəl nəzər yetirəndə duman çəkilir və tamamilə ayrı bir mənzərə yaranır. Rusiya iqtisadi cəhətdən ABŞ və Avropa ilə uzunmüddətli qarşıdurma aparmaq qüdrətində deyil. Bunu Vladimir Putin də anlayır. Onun nüvə bleflərini bir kənara qoyaq. Rusiya hakimiyyətinin ABŞ-nin siyasi məqsədlərinə bilərəkdən və ya bilməyərəkdən xidmət etməsinin doğruluğuna şübhə ilə yanaşanların və bunu konspiroloji nəzəriyyə kimi qəbul edənlərin nə danışmalarının əhəmiyyəti yoxdur. İstənilən siyasətin nəticəsini onun faydalı iş əmsalından görmək mümkündür.
Rusiyada hesab edirlər ki, əgər onlar təcavüzkar siyasət yürütməsələr ölkə daxildən məhv ola bilər. Çünki bu dövlətin genezisi və xarakteri nə Avropa, nə də ki, Asiya tiplidir. Ancaq bir məsələ var ki, Rusiya imperiyasının mövcudluğu həmişə Avropa ilə bağlı olub.
Tarixi baxımdan Rusiya həmişə kənar dövlətlərin köməyindən yararlanıb. Rusiyanın Suriyada uğursuzluğa düçar olacağı lap ilk başdan aydın idi. Eyni zamanda, rus ordusunun Suriyanı tərk etməsini ruslar üçün faciə saymaq da səhv olardı. Onsuz da onların orada bazalaşması geostrateji baxımdan tamamilə mənasız məşğuliyyət olub və maliyyə itkisindən başqa bir şey deyil. Rusiyanın Tartus limanındakı donanması isə Aralıq dənizndə üzən ABŞ aviadaşıyanlarnın yanında uşaq oyuncağına bənzəyir.
Ancaq Suriyadan fərqli olaraq Rusiyanın Ukraynada apardığ müharibə onun onurğa sütununu qıra bilər. Hazırda Rusiya müharibə avantürası sayəsində iki tərəfədən zərbə alır. Birincisi iqtisadi sahədədirsə, ikincisi də geostrateji məsələdir.
İlk olaraq Rusiyadakı iqtisadi mənzərəyə göz gəzdirək. Rusiya yavaş-yavaş dərin iqtisadi tənəzzülün girdabına qərq olur və hiperinflyasiyanın qapısını aralayır. Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar müəyyən dərəcədə öz effektini nümayiş etdirir. Onu da unutmayaq ki, hansısa böyük plan çərçivəsində müharibənin uzanmasını istəyən Qərb Rusiyanın sanksiyalardan yan keçməsinə göz yumur. Rusiya üçüncü ölkələr vasitəsilə hərbi-texnoloji və məişət ehtiyaclarını ödəyə bilir. Amma unutmayaq ki, Qərb bunun qarşısını alanda Rusiya çarəsiz vəziyyətə düşəcək. İqtisadiyyatın dibə getməsinin başlıca səbəbi mülki sənaye sektorunun iflic günə salınması və əldə olunan neft və qaz gəlirlərinin hərbə xərclənməsindən irəli gəlir.
Gələn il Rusiya büdcəsinin təxminən 40 faizi hərbi xərclər üçün nəzərdə tutulub. Hazırda Rusiya Hərbi Sənaye Kompleksinə(HSK) daxil olan zavodlar üç növbədə işləyir. Necə deyərələr, “hər şey cəbhə üçün!” şüarı Rusiyada aktuallığını həmişə qoruyur.
Bu gün hərbi zavodlarda işləyənlər yaxşı məvacib alırlar, lakin onların istehsal etdiyi məhsullar təbii ki, istehlak bazarına, satışa yox, cəbhəyə göndərilir. Bütün bunlar nə yaradır?
HSK daha çox pul tələb edir, amma onun məhsullarının arxası maliyyə gəlirliyi baxımından boş olduğundan iqtisadiyyatda böyük uçrum yaranır. Bu səbəbdən də rublun düşüşü sürətlənir. Mərkəzi Bankın faiz dərəcələrini artırması bir yandan inflyasiyanın sürətini cüzi dayandırsa da, digər tərəfədən iqtisadi böyüməni əngəlləyir. Rusiya hakimiyyəti ölkə əhalisinin süstlyünü görüb onların üzərinə ağır vergilər yükələməklə və eyni zamanda da büdcəni doldurmaq üçün rublun dollar qarşısındakı məzənnəsini ucuzlaşdırmaqla birtəhər vəziyyətdən çıxmaq istəyir. Bu tədbirlərin hamısı çarəsizlikdən həyata keçirilir və inflyasiyanın törədəcəyi fəsadlar hələ qabaqdadır.
Rusiyada iqtisadiyyatın daralması ilə yanaşı inflyasiya da sürətlənir. İqtisadiyyat zəiflədiyi üçün bazarda pulun həcmi azalmalı və inflyasiyaya yol açan mexanizmlər durdurulmalıdır. Ancaq həm iqtisadi geriləmənin və həm də inflyasiyanın sürətlənməsi iqtisadiyyatda staqflyasiya deyilən vəziyyətə gətirib çıxarır və indiki müharibə şərtləri daxilində ondan qurtulmaq nonsensdir. Ona görə də müharibənin uzanmasının Rusiya üçün törədəcəyi fəlkatlər saatlı bomba kimi öz vaxtını gözləyir.
Digər yandan, Rusiyanın geostrateji məğlubiyyətdən yaxa qurtara bilməyəcəyinin əlamətləri tədricən özünü büruzə verməyə başlayıb. Hazırda ABŞ tərəfindən təklif səslənir ki, Britaniya, Almaniya və Fransa əsgərləri Rusiya ordusu ilə Ukrayna ordusu arasındakı təmas xəttində yerləşdirlisin və atəşkəs elan edilsin. Üç ilə yaxındır davam edən bütün bu həngamənin sonunda NATO ordularının Rusiya ilə Ukrayna arasında yerləşdirilməsi Vladimir Putinin “denasifikasiya və demilitarizasiya” siyasətinin yekun nəticəsi ola bilər. Deyəsən, elə sonda buna doğru gediləcək.../azpolitika.info