Azərbaycanda tanınmış şəxslərə və dövlət rəsmilərinə qarşı xaricdə yaşayan bloqerlərin iştirakı ilə həyata keçirilən böyük bir şantaj və qarayaxma kampaniyasının üstü açılıb.
Stopnarkotik.az İTV-yə istinadən xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq xaricdə yaşayan bloqerlər - Mehman Hüseynov, Emin Hüseynov, Qabil Məmmədov və digərləri müxtəlif platformalarda Alyona Əliyeva barədə böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. Hətta M.Hüseynov canlı yayımların birində saxta videofraqmentlər nümayiş etdirib.
Eyni vaxtda xaricdə olan bir şəxs xarici telefon nömrələri və elektron poçt vasitəsilə Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə əlaqə saxlayaraq onları şantaj etməyə başlayıb. Həmin şəxs əlində Alyona Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrların olduğunu bildirərək, bu görüntüləri yaymamaq müqabilində beş milyon avro tələb edib.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Keçirilən əməliyyat nəticəsində bu cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılıb. İstintaq zamanı o, cinayətini etiraf edərək detalları açıqlayıb.