Ukrayna Türkiyəni, Rusiya isə Belarusu seçib...
Məlum olduğu kimi, Vladimir Putin əksər çıxışlarında Moskvanın öz şərtləri daxilində Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara açıq olduğunu deyib.
Həmin şərtlərin konturlarını hələ 2022-ci ilin aprelində Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən hazırlanmış sülh müqaviləsi layihəsində görmək olar.
Bu barədə yazan “The Wall Street Journal” sözügedən müqavilədəki şərtləri dərc edib. Yazıda qeyd olunur ki, 15 aprel 2022-ci il tarixli sənəd Ukraynanı “hərbi bloklarda iştirak etməyən daimi neytral dövlətə” çevirməyə hesablanıb.
Sənəddə Ukraynaya Avropa İttifaqına üzv olmağa icazə verilsə də, onun NATO üzvlüyünə qadağa qoyulur. Müqavilə layihəsi xarici silahlara, o cümlədən “istənilən tipli raket silahlarına, silahlı qüvvələrə və birləşmələrə” qadağa qoyulmasını nəzərdə tutur.
Sənədə görə, Ukraynanın silahlı qüvvələri müəyyən ölçülərə qədər ixtisar edilməli idi. Moskva Ukraynanın silahlı qüvvələrinin cəmi 85 min əsgər, 342 tank və 519 artilleriya ilə məhdudlaşdırılmasını istəyib.
Ukrayna tərəfi isə danışıqlarda 250 min əsgər, 800 tank və 1900 artilleriya qurğusu tələb edib.
Həmçinin, Rusiya Ukrayna raketlərinin uçuş məsafəsinin 40 kilometrlə məhdudlaşdırılmasını istəyib.
Sənədə görə, Krım yarımadası Rusiyanın işğalı altında qalacaqdı və neytral sayılmayacaqdı.
Moskva həmçinin dövlət orqanlarında və məhkəmələrdə rus dilinin Ukrayna dili ilə bərabər fəaliyyət göstərməsində israr edib. Lakin sənəd layihəsində göstərilir ki, Kiyev bununla razılaşmayıb.
2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş Ukraynanın şərq rayonlarının gələcək taleyi həmin vaxt layihəyə daxil edilməyib. Bu məsələ Putinlə Zelenski arasında şəxsi danışıqlar zamanı müzakirə edilməli idi.
Müqaviləyə xarici dövlətlər tərəfindən təminat verilməli idi ki, bunların da arasında sənəddə ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiyanın adları yer alıb. Bu ölkələrə müqavilənin pozulması halında Ukraynanın neytrallığını qorumaq öhdəliyi verilib. Eyni zamanda, beynəlxalq təhlükəsizlik təminatları Krım və Sevastopola şamil edilməyib.
Digər suallar, xüsusən də Ukraynaya hücum edilsə, nə baş verəcəyi məsələsi həll edilməmiş qalıb. Rusiya bütün qarant dövlətlərin işğala veriləcək cavabla bağlı razılığa gəlməsini istəyib. Yəni, işğala cavab verilərkən Rusiyanın da razılığı olmalı idi. Bu, o deməkdir ki, Rusiyanın özü təcavüzkar olsaydı, buna birgə cavab vermək mümkün olmayacaqdı.
Yazıda qeyd olunur ki, Rusiya sözügedən müqaviləyə qarant dövlətlər sırasına Belarusu, Ukrayna isə Türkiyəni əlavə etmək istəyib.
Rusiya həmin vaxta qədər törədilmiş hərbi cinayətlərin Beynəlxalq Məhkəməyə çıxarılmasının əleyhinə olub. Ukrayna isə əksinə, bunun müqavilə şərtlərindən biri olmasında israr edib. Həmçinin, tərəflər bütün qarşılıqlı sanksiyaların ləğvi ilə bağlı bəndi də razılaşdıra bilməyiblər.
Yazıda bildirilir ki, bu sənəd müharibənin ilk həftələrində, Kiyev olduqca çətin vəziyyətə düşəndə ukraynalıların hazır olduqları “dərin güzəştləri” göstərir: “Bu, həm də Qərbin hərbi dəstəyi dayanarsa, Rusiyanın Ukraynanı məcbur etməyə çalışacağı şərtləri göstərir. Belə olan halda, Rusiya əhəmiyyətli ərazi qazancları əldə edəcək”.
Ukrayna Prezident Ofisi bu məsələ ilə bağlı bəyan edib ki, Rusiya Federasiyası ilə münasibətlərdə kompromis döyüş meydanında qələbə olmadan mümkün deyil: “Çünki bu, rusiyalıların əksəriyyətinin mentalitetindən irəli gəlir”.
Eyni zamanda, Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Baş Komandanı Ceyms Stavridis qeyd edib ki, Rusiya və Ukrayna davam edən müharibədən tükənib və bu ilin sonunda, ehtimal ki, ABŞ seçkilərindən sonra danışıqlar üçün pəncərə yarana bilər...
Bir sözlə, Putinin yeni sülh şərtlərinin 2022-ci ilin aprelindəkindən nə dərəcədə fərqli olacağını söyləmək çətindir. Ancaq bir məsələ aydındır ki, bu şərtləri böyük ölçüdə döyüş meydanında baş verənlər və Qərbin Ukraynaya dəstək səviyyəsi müəyyən edəcək./azpolitika.info