Məlum olduğu kimi, bir neçə gün əvvəl Kremldə tanınmış rusiyalı siyasətçi, müxalif “Yabloko” partiyasının yaradıcısı, Ukraynadakı müharibənin qatı əleyhdarı olan Qriqori Yavlinski ilə Vladimir Putin arasında görüş keçirilib. Əvvəlcə görüşün məxfi keçirilməsi nəzərdə tutulsa da, sonradan mətbuat bundan xəbər tutub və məsələ geniş müzakirələrə səbəb olub.
Kremlin hələ də heç bir rəsmi şərh vermədiyi həmin görüşlə bağlı Yavlinski də bir neçə gün heç bir açıqlama verməmişdi. Nəhayət, “Exo Moskvı”nın efirində, Aleksey Venediktovun “Jivoy qvozd” verilişinə qatılan “Yabloko” rəhbəri Putinlə görüşün bəzi detallarını açıqlayıb.
Yavlinski deyib ki, görüş məxfi keçirilməli idi və görüşdən əvvəlki 3 günü siyasətçi Kremlin tələbi ilə karantində keçirməli olub. Görüşün özünə gəlincə, o bildirib ki, görüş prezidentlə təkbətək olub və üçüncü şəxs orada iştirak etməyib.
Görüşün özəl olduğunu xatırladan müxalif siyasətçi jurnalistə deyib ki, bir çox detalları açıqlaya bilməyəcək. Lakin bununla yanaşı, Yavlinskinin dediyinə görə, görüşün əsas və başlıca mövzusu Ukrayna müharibəsində atəşkəsin əldə edilməsi məsələsi olub. Görüşün bir saat yarım davam etdiyini deyən Yavlinski onu da vurğulayıb ki, Rusiya mətbuatından və cəmiyyətindən fərqli olaraq, Ukraynada onun Putinlə görüşünə daha çox və daha ciddi diqqət yetiriblər. Çünki orada bu görüşün əhəmiyyətini daha yaxşı anlayırlar: “Bu görüş atəşkəslə bağlı idi... Bu mövzuda (Rusiyada) kiminlə danışmaq olar ki? Yalnız bir nəfər var ki, qərarları o qəbul edir. Odur ki, bu söhbət baş tutdu... Mən öz mövqeyimi birbaşa və geniş şəkildə izah etdim. Bu mövqenin (atəşkəsin-red.) əleyhinə olanlar isə böyük sayda insanın mənasız ölümünə görə məsuliyyət daşıyırlar”.
Jurnalist “Prezident sizin mövqeyinizin əleyhindərmi”, - deyə soruşub. Yavlinski birmənalı cavab verməyib: “Peskovun dedikləri əsasında mühakimə etsək, onda indiki məqam üçün bəli. Ancaq mənim mövqeyim hazırda (Kremldə) müzakirə predmetidir. Baxaq, görək hadisələr necə cərəyan edəcək. Həyat göstərəcək. Yeri gəlmişkən, hadisələr çox dinamik şəkildə cərəyan edir. Son 5-7 gün ərzində qarşı tərəfdə (Ukraynada-red.) bu mövzuda söhbətlər xeyli aktivləşib. Müşahidələrimiz göstərdi ki, görüşlə bağlı bu mövzu (atəşkəs-red.) Ukrayna mətbuatında tam ciddi şəkildə müzakirə olunduğu halda, Rusiya mətbuatında prezident seçkiləri kimi gülməli mövzu önə çəkilib. Bu, mənasız mövzudur”.
Yavlinski deyib ki, Putinlə görüşdə Rusiyada gələn ilin martında keçiriləcək prezident seçkisi mövzusu ümumiyyətlə, müzakirə olunmayıb. “Yabloko” rəhbərinin dediyinə görə, hakimiyyətin seçkilə bağlı mövqeyini artıq Putinin sözçüsü Dmitri Peskov açıqlayıb, ona görə də bu mövzunu müzakirə etməyin mənası yoxdur. Xatırladaq ki, Peskovun dediyinə görə, Rusiyada yalnız bir real prezidentliyə namizəd var ki, o da Putindir və onun 90 faizdən artıq səs toplayacağına heç bir şübhə yoxdur. Bu açıqlama isə bir daha Ruisiyada “ənənəvi üsullarla” keçiriləcək seçkinin mənasız və nəticəsi əvvəldən bəlli olan tədbir olduğunu sübut edir...
Yavlinski müsahibəsində bir daha qeyd edib ki, Putinlə görüşün başlıca mövzusu atəşkəs olub və o, Putinə Ukrayna ilə danışıqlarda öz vasitəçiliyini təklif edib: “Rusiyadakı son sorğuların nəticələri göstərir ki, insanların 70 faizi müharibənin dayandırılmasını dəstəkləyir. Ərazilərlə bağlı başqa söhbət gedir. Bunun özü vacib nəticədir. Lakin təəssüf ki, belə bir (müharibənin əleyhinə olan-red.) ictimai-siyasi hərəkat yaradılmayıb, yoxdur... İndi əhəmiyyətli bir məqam əldən verilib. Buna (atəşkəsə-red.) bir il əvvəl başlamaq lazım idi. O vaxt ki, Xarkov və Xersonla bağlı məlum hadisələr, dəyişikliklər baş vermişdi. O zaman, Ukrayna həmin(üstün-red.) vəziyyətdə olan anda, onu hamı qəbul edəndə, ona münasibət başqa cür olanda bunu (atəşkəs müzakirəsini-red.) mütləq etmək lazım idi. Bu anı buraxdılar. İndi bununla məşğul olacaqlar, amma indi o (Ukrayna-red.), daha pis vəziyyətdədir. O, bu mənada uduzub. Bu, ciddi məsələdir. Ona görə də Peskov indi deyir ki, dayanmayacağıq. Çünki yaranmış vəziyyətdə balans dəyişib... İndi heç kim deyə bilməz ki, döyüş cəbhəsi haradan keçir, haradan başlayır, döyüş meydanında qələbə nədən ibarət ola bilər və sair. Bunlar hamısı mənasız söhbətlərdir... İnsan həyatının dəyəri məsələsi indiyə kimi ümumiyətlə gündəliyə gətirilməyib. Mövzu hansısa məsafələr, kilometrlər və s. olub. Bu görüşdə biz həmin məsələyə toxunduq... Mən özümü vasitəçi, danışıq aparan kimi təklif etdim”. Jurnalistin “Putin buna hansı reaksiyanı verdi” sualına isə Yavlinski belə cavab verib: “Heç bir reaksiya vermədi. Susdu. Ancaq bu, normal dialoq oldu... Vəziyyət (cəbhədə) dəyişmir və dəyişməyəcək. Ukrayna tərəfinə deyərdim ki, gəlin, müzakirə edək. Bir il, iki il, hətta 20 il də müzakirə edə bilərik. Ancaq əsas odur ki, biz insanları qırmayacağıq. Bu, başlıca arqumentdir. Ümumiyyətlə, 21-ci əsrdə ərazilərin nə əhəmiyyəti var? Əhəmiyyətli olan insanların həyatı və gələcəyidir. Yoxsa, biz bunların ikisini də itirəcəyik”.
Yavlinski deyib ki, atəşkəsdən bir-iki il sonra yenidən müharibənin alovlanmaması üçün tərəflər bir-biri ilə, həmçinin də tərəfdaşları ilə sıx işləməlidir. Yavlinski hesab edir ki, bunun üçün diploamatiya çalışmalı, ABŞ və Çin də bu prosesdə iştirak etməlidir: “İşləmək lazımdır. Mənim hazır reseptlərim yoxdur. Ancaq 20-30 il gələcəyə baxmağı bacarmaq lazımdır... Məsələn, Putin soruşdu ki, bəs Ukrayna ilə nə edək? Belə bir sual səsləndi. Mən dedim elə etmək lazımdır ki, Rusiya elə bir ölkə olmalıdır ki, hamı burada yaşamağ gəlmək istəsin. 21-ci əsrdə belə problemlər həyat səviyyəsinin kəskin şəkildə yüksəlməsi ilə həll olunur. Bizim ölkədə həyat cəlbedici olmalıdır. Çünki biz dünyanın ən böyük resursları olan, ən nəhəng dövlətiyik. Bütün dünya gördü ki, Rusiyanın strateji dərinliyi o qədər böyükdür ki, ona heç kim heç nə edə bilməyəcək. Məsələ bundadır və bunu lap əvvəldən anlamaq lazım idi... Görün nə qədər insan ölür. Bu, ən başlıca məsələdir. İnsanları öldürməyi, şikəst etməyi dayandırın!”
“Yabloko” başçısı Putinin sağlamlığı barədə sualı da cavablandırıb. O, qeyd edib ki, Putini kifayət qədər normal, sağlam durumda görüb.
Yavlinski Rusiya XİN-ə və digər müvafiq diplomatik strukturlara onun Ukrayna ilə danışıqlarda vasitəçiliyinin təmin edilməsilə bağlı hər hansı tapşırıq verilib-verilmədiyinə dair suala cavab verməyib və ümumiyyətlə, görüşün bir çox detallarını, nəticələrini açıqlaya bilməyəcəyini söyləyib. Yalnzı onu deyib ki, bu görüşün nəticəsində atəşkəsə nail olunması üçün müəyyən şans yaranıb. Ancaq bundan istifadə edilib-edilməyəcəyini zaman göstərəcək.
Bununla yanaşı, Yavlinski 20 il əvvəl Çeçenistan müharibəsi zamanı özünün vasitəçilik etdiyini, Cövhər Dudayevlə görüşünü xatırladıb və qeyd edib ki, həmin vaxt məhz bu görüş sayəsində onlarla insanın həyatını xilas edə bilib və xeyli sayda cəsədi qaytarıb. Odur ki, Yavlinski vasitəçilik təcrübəsinə malik olduğunu və Ukrayna ilə danışıqlarda iştirak etməyə hazır olduğunu bəyan edib./azpolitika.info