PUTİN DAHA BİR “TƏHLÜKƏ MƏNBƏYİ” TAPDI VƏ HƏDƏLƏDİ - “Onlarla heç bir problemimiz yox idi, indi isə olacaq...”

“Rusiya bəzi ölkələr kimi kolbasa müqabilində öz suverenliyindən imtina edə və kiminsə satelliti ola bilməz”

2024-cü ilin martında keçiriləcək seçkiyə hazırlaşan Vladimir Putin öz seçki kampaniyanısını gözlənildiyi kimi, Qərbdən və NATO-dan gələn “təhlükə” üzərində qurub. Özünün ucsuz-bucaqsız ərazilərinə tam nəzarət edə və bu ərazilərdə, xüsusilə də Moskva və Sankt-Peterburqdan kənarda yaşayan rusiyalıların normal həyatını təmin edə bilməyən Putin Ukrayna torpaqlarına göz dikməsinə, bunun üçün qanlı, çoxsaylı itkilərlə müşayiət olunan uğursuz bir savaşa başlamasına haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirməkdə davam edir. Bu bəhanələrin ən öndə gələni isə həmişəki kimi, guya Rusiyanın suverenliyinə, təhlükəsizliyinə yaranan təhdidlərdir. Həmin təhdidlər isə, guya Qərbin əli ilə Ukraynadan, onun artıq qanlı savaşın bir çox faciələrlə, itkilərlə üz-üzə qoyduğu kasıb, çarəsiz Ukrayna xalqından gəlirmiş...

İndi Putin daha bir “təhlükə mənbəyi” tapıb – Finlandiya!

Rusiya başçısı yeni çəkilən “Moskva. Kreml. Putin” adlı sənədli filmdəki müsahibəsində Finlandiyanı hədələyib: “Onlar götürüb Finlandiyanı NATO-ya sürüklədilər. Finlandiya ilə heç bir problemimiz yox idi, indi isə olacaq. Çünki biz indi orada Leninqrad Hərbi Dairəsi yaradacağıq və müəyyən hərbi hissələri ora cəmləşdirəcəyik”.

Putinin sözlərinə görə, Rusiya ilə Finlandiya arasında bütün mübahisələr, o cümlədən ərazi xarakterli mübahisələr 20-ci əsrin ortalarında həll olunub. Bundan sonra guya iki ölkə arasında “ən mehriban, ən səmimi” münasibətlər yaranıb.

Xatırladaq ki, söhbət İkinci Dünya Müharibəsindən əvvəl SSRİ-nin Finlandiya ərazilərini işğal etməsindən gedir və Finlandiya Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsini görəndən sonra özü NATO-ya üzvlük üçün müraciət edib.

Kremlin “qardaş xalq” adlandırdığı Ukraynaya qarşı törətdiyi hərbi cinayətləri və açıq-aşkar işğalçılıq niyyətlərini müşahidə edən Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etməsi əlbəttə ki, təbiidir. Putinin buna görə Finlandiyanı qınaması və hədələməsi isə Kremlin son illər yürütdüyü açıq irticaçı siyasətin növbəti təzahürüdür...

 

Putin bazar günü hakim “Vahid Rusiya” partiyasının qurultayında yenə əvvəlki “tezislərini” təkrarlayıb. Ryusiyalıların qulağını növbəti “dəhşətli təhdid ssenarilərilə” dolduran Kreml sahibi guya Rusiyanın suverenliyinə böyük təhlükələr yarandığını iddia edib.

Putin bildirib ki, Rusiya ya özünü təmin edən suveren dövlət olacaq, ya da ümumiyyətlə olmayacaq: "Biz yadda saxlamalı və heç vaxt unutmamalıyıq, uşaqlarımıza da öyrətməliyik ki, Rusiya ya suveren, özünü təmin edən dövlət olacaq, ya da ümumiyyətlə olmayacaq... Rusiya bəzi ölkələr kimi kolbasa müqabilində öz suverenliyindən imtina edə və kiminsə satelliti ola bilməz”.

Sanki indiyə qədər kimsə nəhəng təbii sərvətləri və insan potensialı olan, buna baxmayaraq, korrupsiya, oğurluq, saxtakarlıq içərisində boğulan, bütün dünyanın “yanacaq doldurma məntəqəsi” olmaqdan o yana gedə bilməyən Rusiyanın özünü təmin edən, inkişaf etmiş iqtisadiyyat qurmasına mane olub. Az qala 25 ildir hakimiyyətdə olmasına baxmayaraq, indiyə kimi “özünü təmin edən Rusiya” qura bilməyən, nəinki müasir avtomobillər, kompyuterlər, telefonlar və s. hətta mismar belə istehsal edə bilməyən, əvəzində öz dost-tanışlarını milyarderə çevirən idarəçiliyə görə məsuliyyət daşıyan Putin yox, kimsə başqasıdır...

Qeyd edək ki, “Vahid Rusiya”nın qurultayı 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyini yekdilliklə dəstəkləyib. Bu “sensasiyalı” qərarla bağlı partiya sədri Dmitri Medvedev açıq səsvermənin keçirilməsini təklif edib və təbii ki, hamı da bunu dəstəkləyib.

Beləliklə də Putinin növbəti “seçki xeyir-duası”nı qeyri-adekvat, nifrətlə dolu açıqlamaları, nüvə hədə-qorxuları ilə Rusiyanı biabır edən, dünyanı Rusiyanın üstünə güldürən, Ukrayna xalqına qarşı az qala açıq faşist çağırışları edən Medvedevin özü vermiş olub. Bu isə bir daha onların hər ikisinin eyni düşüncədə olduğunun növbəti nümunəsidir.../azpolitika.info