"Putin Abramoviçə şifahi razılıq verib...” - Navalnının dəyişdirilməsilə bağlı YENİ İDDİA

Məlum olduğu kimi, Aleksey Navalnının ölümündən sonra onun daha əvvəl Almaniyada həbsdə olan Rusiya xüsusi xidmət orqanlarının killeri Vadim Krasikovla dəyişdirilməsinin müzakirə olunduğu barədə məlumatlar dərc edildi.

Bir çox Rusiya KİV-ləri bununla bağlı aparılmış danışıqlardan xəbərdar olan azı dörd mənbəyə istinadla Vladimir Putinin Navalnının ölümündən bir neçə saat əvvəl onun dəyişdirilməsi imkanını müzakirə etdiyini yazıb: “Navalnının ölümü ilə bağlı ilk xəbərlərin ortaya çıxmasına təxminən dörd saat qalmış Putin biznesmen Roman Abramoviçlə şəxsi görüş keçirib. Mənbələrdən biri iddia edir ki, bu görüş zamanı prezident mübadilə ilə bağlı şifahi razılıq verib”.

Öz növbəsində, araşdırmaçı jurnalist Xristo Qrozev Putinin razılığının saxta olduğunu bildirib: “Düşünürəm ki, bu, ya sui-qəsd planlarını ört-basdır etməkdir, ya da Navalnının yoxluğunda Almaniyanın Vadim Krasikovu Putin üçün o qədər də vacib olmayan başqa bir məhbusla dəyişməyə razılaşacağına əmin olmaq üçün atılan strateji addımdır”.

Başqa bir mənbə əlavə edir ki, “Qərbin Krasikovu Rusiyaya verməyə hazır olduğunu öyrənən Putin soyuqqanlılıqla Navalnını öldürməyi əmr edib”. /azpolitika