“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin ölümü Çeçenistan Respublikasının lideri Ramzan Kadırovun sonu ola bilər. Çünki Moskva rəhbərliyi Çeçenistan liderini özünə təhlükə olaraq görür. Eyni zamanda, Vladimir Putin artıq Rusiyanın müxtəlif hakimiyyət orqanları arasında baş verən münaqişələri idarə edə bilmir”.
Bu barədə Almaniyanın tanınmış “Bild” nəşri rusiyalı müxalifətçi, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovun proqnozlarına istinadla məlumat yayıb.
Qudkov bildirib ki, Priqojinin ölümündən sonra Kreml dövlətin varlığını təhdid edən digər güclü şəxslərə yönələcək.
“Bild” xatırladır ki, Kadırov uzun müddət idi ki, Priqojinin müttəfiqi idi və Rusiya Müdafiə Nazirliyinə qarşı aparılan kampaniyada onu dəstəkləmişdi. Bundan əlavə, “Bild” əlavə edib ki, Kadırov Çeçenistan müharibəsində vuruşmuş keçmiş Kreml əleyhdarı üsyançılardan biridir və Rusiya hökumətində bir çoxları məhz bu amilə görə hələ də narahatdır.
Qudkovun proqnozlarına görə, Kadırovla Rusiya təhlükəsizlik qüvvələri arasında açıq konflikt ola, həmçinin FSB ilə Rusiya Müdafiə Nazirliyi arasında yaşanan münaqişə daha da kəskinləşə bilər.
“Mən əminəm ki, Kadırovla münaqişə yaşanacaq. Çünki Kadırov Rusiya dövlətçiliyinin ən böyük əleyhdarlarından biridir. Kadırovun özünün yaxşı təlim keçmiş ordusu, həmçinin təhlükəsizlik qüvvələrinə də təsir imkanları var”, - Qudkov bildirib./azpolitika.info