Məlum olduğu kimi, “Vaqner” hərbi şirkətinin qurucusu Yevgeni Priqojin iki gün öncə baş verən müəmmalı təyyarə qəzası nəticəsində həlak olub.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Priqojinin ölümünü rəsmən təsdiqləsə də, “Vaqner” liderinin ölmədiyini, baş verənlərin əvvəlcədən səhnələşdirilmiş hadisə olduğunu düşünən kifayət qədər insan var. Bəzi insanların bu fikirdə olmasının başlıca səbəbi Priqojinin bundan əvvəl də təyyarə qəzasında həlak olduğuna dair yayılan saxta xəbərlərdir.
Belə ki, 4 il bundan əvvəl, yəni 2019-cu ilin oktyabrında Konqo Demokratik Respublikasında göyərtəsində səkkiz nəfərin olduğu “An-27” hərbi təyyarəsi qəzaya uğramışdı. Həmin vaxt Priqojinin də bu təyyarədə olduğu bildirildi. Lakin üç gün sonra “Vaqner” liderinin sağ- salamat olduğu ortaya çıxmışdı.
“Chatham House” analitik mərkəzinin əməkdaşı Keir Giles bildirib ki, “Vaqner” lideri səyahətlərini gizli saxlamaq və özünü sui-qəsddən qorumaq üçün ətrafında adını dəyişərək Yevgeni Priqojin edən insanlar saxlayırdı. O, hesab edir ki, həmin təyyarə qəzasında həlak olan şəxsin saxta Prioqojin olam ehtimalı yüksəkdir.
Giles əlavə edib ki, Priqojin bir müddət sonra Afrikadan yeni bir video yayımlasa təəccüblənməməliyik./azpolitika.info